Bakı Dövlət Universitetində bir sıra fakültələrdə dövlət sifarişi ilə təhsil alanlar arasında müvəffəqiyyət və keyfiyyət göstəriciləri qənaətbəxş olmayıb.
Yeniavaz.com xəbər verir ki, bu, Hesablama Palatasının Bakı Dövlət Universitetində keçirilmiş auditinə dair məlumatda yer alıb.
Bildirilir ki, 2021/2022-ci tədris ilinin qış və yay imtahan sessiyaları üzrə toplanmış məlumatlara görə 9 fakültə üzrə müvəffəq qiymət alanların xüsusi çəkisi (müvəffəqiyyət göstəricisi) 75% və daha az, eləcə də, imtahan nəticələri 71 baldan yüksək olanların (keyfiyyət göstəricisi) xüsusi çəkisi 20% və daha az olub. Həmçinin onlar arasında ümumi orta müvəffəqiyyət göstəriciləri (ÜOMG) aşağı olan fakültələr də olub. Ayrı-ayrı tədris illəri və sessiyalar üzrə tələbələrin göstəriciləri aşağı olan fakültələr, demək olar ki, eyni olub. Müvəffəqiyyət və keyfiyyət göstəriciləri ödənişli təhsil alanlar arasında xüsusilə aşağı səviyyədə davranış nümayiş etdirib.
Həmçinin qeyd olunub ki, Universitetin nəzdində 5 yataqxana mövcud olsa da, onlardan yalnız biri – “Tələbə evi” fəaliyyət göstərir. Qeyd edək ki, digər yataqxana binaları uzun illərdir ki, fəaliyyət göstərmir və qəzalı vəziyyətdədir. Yataqxanalar faktiki olaraq yataqxana fəaliyyəti göstərməsələr də, Universitetin yataqxanalarının idarəolunmasını həyata keçirən Tələbə şəhərciyinin, Tələbə evi istisna olmaqla, 14 əməkdaşı üzrə 2022-ci ildə hesablanıb ödənilmiş əmək haqqı bütün məcburi ödənişlərlə birgə 143 min 791,1 manat, 2023-cü ildə isə 135 min 487,5 manat təşkil edib.
Qeyd olunub ki, yataqxanalarda yerləşdirilmə qaydaları əlçatan olmayıb, həmçinin tələbə yerləşdirilməsi üzrə mövcud potensialdan istifadə edilməyib.
““Tələbə evi” üzrə gəlirlər auditlə əhatə olunan dövrdə 203,8 min manat, onun saxlanması üçün çəkilən xərclər isə 664,3 min manat təşkil edib, faktiki olaraq bu yataqxana üzrə xərclərin yalnız 30,7%-i həcmində gəlir əldə olunub, əldə edilən hər 1 manata qarşı 3,3 manat xərc çəkilib”.
Murad Məmmədov