
“İsrail HƏMAS radikallarını Qəzzada altı girovun qətlinə görə çox yüksək qiymət ödəməyə məcbur edəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.
“İsrail sakitləşməyəcək və bu qətli unutmayacaq. HƏMAS bunun üçün çox böyük bədəl ödəyəcək”, - o deyib.
Baş nazir həlak olanların ailələrinə başsağlığı verib, baş verənlərdən dərin təəssüf hissi keçirdiyini bildirib və İsrailin varlığı üçün mübarizə apardığını, ona görə də ölkənin birliyini qorumalı olduğunu vurğulayıb:
“Onları sağ qaytara bilmədiyim üçün üzr istəyirəm. Biz buna çox yaxın idik, amma bacarmadıq”.
Xatırladaq ki, sentyabrın 1-də İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, avqustun 31-i axşam saatlarında Rafah ərazisindəki yeraltı tunellərdən birində altı israilli girovun cəsədi aşkar edilib.
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, onların hamısı radikallar tərəfindən yaxın məsafədən vurulub. Öz növbəsində HƏMAS iddia edir ki, girov saxlanılan altı israilli guya İsrail Müdafiə Qüvvələrinin anklavı bombalaması nəticəsində həlak olub.