
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel Brüsseldə keçirilən görüşdə ittifaqıın xarici işlər nazirlərinə İsrail hökumətinin iki nazirinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib.
Yeniavaz.com xəbr verir ki, o, bu barədə Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Lakin o, hələlik məsələ ilə bağlı razılıq əldə olunmadığını qeyd edib.
“İnsan hüquqlarının pozulmasına görə İsrail nazirlərinə qarşı sanksiyaların tətbiqi təklifini nazirlərin və texniki xidmətlərin masasına qoymuşam. Təbii ki, hələlik yekdillik yoxdur, amma proses başlayıb. Nazirlər bütün şərtləri nəzərə alaraq siyasi qərar verəcəklər”, - Aİ-nin ali nümayəmdəsi bildirib.
Borelin sözlərinə görə, xarici işlər nazirlərinin görüşündə İsrail nazirlərinə qarşı sanksiyaların tətbiqinə qarşı çıxan ölkələr olub, lakin yekdilliyə nail olmaq üçün işlər davam etdiriləcək.
Qeyd edək ki, bundan əvvəl DPA agentliyi Aİ-dəki mənbələrə istinadla bildirmişdi ki, Avropa diplomatiyasının rəhbəri Cozef Borel Avropa İttifaqının 27 ölkəsinin hökumətlərinə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmçinin İsrailin maliyyə naziri Betsalel Smotriçə qarşı sanksiyalar tətbiq etmək təklifini təqdim edib.
Agentliyin məlumatına görə, siyasətçilər son vaxtlar fələstinlilərə qarşı açıqlamaları ilə hiddət doğurub. Borelin təklifinə əsasən, Ben-Qvir və Smotriçə qarşı nifrətin qızışdırılmasına və insan hüquqlarının pozulmasına görə sanksiyalar tətbiq oluna bilər. Müvafiq olaraq, onların Aİ-dəki aktivləri dondurulmalı və onların Aİ-yə girişi qadağan edilməlidir.
DPA həmçinin qeyd edib ki, Almaniya, Çexiya və Macarıstan kimi ölkələr indiyədək İsrailə qarşı sanksiya tələblərinə kifayət qədər tənqidi yanaşırlar.
Xatırladaq ki, Avropa İttifaqında sanksiyalarla bağlı qərarlar yekdilliklə qəbul edilməlidir.