
İmtahan ümidlə qorxunu, sevinclə kədəri içində saxlayan sirli bir sözdür. İnsanı nə güldürür, nə ağladır. Zövq də, cəfa da ondan sonra başlayır.
Bütün bunlar dünya imtahanı üçün də belədir. İnsan da bu dünyada imtahan qarşısındadır. İnsan həddi-büluğa çatana qədər kağız-qələmini hazırlayır. Həddi-büluğa çatandan sonra da imtahan vərəqini – əməl dəftərini doldurmağa başlayır və ölənə qədər qələm əlindən düşmür.
Bu imtahanın bir gün sona çatacağını bilsək də, imtahan vərəqlərinin nə vaxt təhvil veriləcəyini bilmirik.
Bu imtahanda əsas məsələ çox yazmaq yox, doğru yazmaqdır. On vərəq doldurub “iki” alanlar da var, bir vərəq doldurub “beş” alanlar da. Elə isə uzun ömür yaxşı şeylər yazmaq üçündür.
Bu imtahanda ilk sıralarda oturmağın, ən gözəl paltarlar geyinməyin, ən qiymətli qələmlərlə yazmağın da zərrə qədər nəticəyə təsiri yoxdur.
Nə qədər ki, imtahandır, xoşbəxtlik də, bədbəxtlik də nisbidir. Aqibətini bilmədiyimiz insanın dünyadakı ad-sanına həvəslənmək məntiqsizlikdir.
Nə qədər ki, imtahandır, istəyən istədiyini yaza bilər. Ancaq doğru cavablar da əvvəlcədən bəllidir.
Adi imtahandan fərqli olaraq bu imtahanda başqasına kömək etmək, başqasından kömək almaq sərbəstdir. İstəsək, birinin yanına gedib doğru cavabımızı köçürə, ya da yazdığımızı başqasına verə bilərik, cavabımız da səhv sayılmaz.
Bu imtahanda biz rəqib deyilik. Qonşumuzu nə qədər mədh etsək, qazancımız bir o qədər çox olar. Özümüzü nə qədər mədh etsək, bir o qədər ziyan çəkərik.
Bu imtahanda doğru sözü danışmaq nəfəs almaq qədər asandır. Bir insan bütün günü doğru danışsa, yorulmaz. Ancaq hər cümləsi yalan olan bir insan yarım saat danışsa, qan-tər içində qalar. Eyni şəkildə halal qazanc rahatlıq gətirər, haram qazanc isə vicdana əzab verər.
İlk baxışda bu imtahandan hamının çıxacağını düşünmək olar, ancaq gəl gör ki, nə qədər insan uçurumun astanasındadır. Bunun səbəbi isə insanın ağı qara, qaranı ağ görməsidir.
Dünyada çox imtahanlar var. Kimisi var-dövləti ilə imtahan olur, kimisi yoxsulluğu ilə. Kimisi sağlamlığı ilə imtahan olur, kimisi xəstəliyi ilə…
Hamı imtahanda olduğu üçün heç kim rahat deyil. Ancaq əvəzində hamıya təsəlli olan ümid var.
Bu imtahan meydanından kimlər keçmədi? Kasıbı da, varlısı da, gözəli də, çirkini də, güclüsü də, gücsüzü də...
İndi isə növbə bu əsrin insanlarınındır.
Murad Məmmədov