
“Venesuela Silahlı Qüvvələri Venesuela Ali Məhkəməsinin 28 iyul 2024-cü ildə keçirilən və Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərinin nəticələrini təsdiq edən qərarını dəstəkləyir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Venesuela Müdafiə Nazirliyinin “Globovision” telekanalının səhifəsində yerləşdirilmiş bəyanatında bildirilib.
“Biz Venesuela Bolivar Respublikasının konstitusion prezidenti, xalq tərəfindən yenidən seçilmiş, seçki orqanı tərəfindən qanuni olaraq elan edilmiş və hazırda ölkənin Ali Məhkəməsi tərəfindən 2025-2031-ci illər üçün president təsdiq edilmiş Ali Baş Komandanımız vətəndaş Nikolas Maduro Morosa mütləq sədaqətimizi bir daha təsdiqləyirik”, - deyə Müdafiə Nazirliyinin rəhbəri Vladimir Padrino Lopez tərəfindən imzalanan bəyanatda qeyd edilib.
Sənəddə həmçinin vurğulanıb ki, Venesuela Silahlı Qüvvələri Respublika Konstitusiyasına hörmət etməyə sadiqdir və Ali Məhkəmənin prezident seçkilərinin nəticələri ilə bağlı qərarını tam dəstəkləyir.
Qeyd edək ki, Venesuela Ali Məhkəməsi seçki materiallarını təhlil etdikdən sonra cümə axşamı Milli Seçki Şurasının Maduronun qalib gəldiyinə dair prezident seçkilərinin nəticələrini təsdiqləyib.
Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Milli Seçki Şurası protokolların demək olar ki, 97%-ni işlədikdən sonra elan edib ki, vətəndaşların 51,95%-i Maduroya, 43,18%-i isə onun əsas rəqibi Edmundo Qonsales Urrutiaya səs verib.
Bir sıra ölkələr, o cümlədən Argentina, Dominikan Respublikası, Kosta Rika, Panama, Peru, ABŞ, Uruqvay, Çili hazırkı prezidentin yenidən seçilməsini tanımayıb. Venesuela hakimiyyəti bu ölkələrdən diplomatlarını geri çağırdıqlarını və hakimiyyət orqanlarından oxşar addım atmağı tələb etdiklərini bildirib.