“Axı insanımızın beyni də qidalanmalıdır, yalnız qarın haqda düşünmək olmaz”

Biz istəsək də dünyanı ala bilmərik, ancaq kitab oxumaqla dünyadan xəbərimiz olur. Kitab oxumaq mədəniyyət olduğu qədər, insanın düşüncəsinin formalaşmasında da böyük rol oynayır. “NOP World Culture Score Index”in araşdırmasına əsasən, Hindistanda bir həftədə bir adam 10 saat, 42 dəqiqə kitab oxuyur. Yaponiyada bir nəfər ildə orta hesabla 25 kitab oxuyur. Türkiyədə isə bir adam il ərzində 6 kitab oxuyur. “Readfaster.com” internet saytı yazır ki, Amerikada gənclərin 56 faizi il boyu 10-dan artıq kitab oxuyur. Könül istərdi ki, Azərbaycanda da bu sahədə göstərici yüksək olsun. Amma bir çox səbəblər var ki, buna imkan vermir. Təəssüf ki, Azərbaycanda iqtisadi böhran kitab bazarından da yan keçməyib. Kitab alan insanlar qiymətlərdə bahalaşmanın şahidi olurlar. Ancaq iqtisadi böhrandan öncə də, Azərbaycanda kitab oxuyanlar qiymətin baha olmasından şikayətlənirdilər. Gürcüstan, Türkiyə, Rusiya ilə müqayisədə Azərbaycanda kitabların qiymətinin 30-40% baha olduğu bildirilir. Bəs kitabların baha olmasının səbəbi nədir? Bunu Azərbaycanda fəaliyyət göstərən nəşriyyat sahiblərindən öyrənməyə çalışdıq.

“Hər sahədə inkişaf gedir, amma kitabın inkişafı buna adekvat deyil”

“Qanun” nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu “Yeni Avaz” qəzetinin mövzu ilə bağlı sualına cavabı belə oldu: “Devalvasiyadan əvvəl kağızın 1 tonunu 1000 manata alırdıqsa, indi min dollara alırıq, kitabın nəşriyyatda başa gəlməsinə çəkilən xərc ən azı 50 faiz artıb. Yenə də digər ölkələrlə müqayisədə Azərbaycanda kitab baha deyil, Bakı dünyada ən bahalı şəhərlərdən biridir, niyə burda ən ucuz kitab satmalıyıq ki? Biz 500 ədəd kitab buraxırıq, amma oxucu ona 5 manat vermək istəmir, halbuki cibində beş manatdan baha siqaretlər gəzdirir. Niyə insanlar başqa dildə olan kitaba pul verib alırlar, amma Azərbaycan dilinə tərcümə olunmuş kitabı almaq istəmirlər? Bu, sadəcə, adama sataşmaqdır. Hətta 20 faiz endirim edirəm, bir manata da satıram, sonra yenə gəlib deyirlər daha da ucuzlaşdır. Belə bahalı bir şəhərdə qiymətlər bahadır demək, düzgün yanaşma tərzi deyil. Biz daha çox nəyə üstünlük veririk? Beynimizə qoyduğumuz investisiyaya, yoxsa qarnımıza qoyduğumuz investisiyaya? Tərcüməçiyə qonorar verilir, əsərin “copy-right”ı alınır, üstəlik, kitabı yaymaq çox çətindir, bunları nəzərə alanda kitaba qoyulan qiymət elə də böyük deyil. Əlbəttə, çörəklə kitabı müqayisə etmək istəmirəm, amma kitabın da vacib olduğunu düşünürəm”.

“Bu ölkədə daha çox oxucu olmalıdır”

Şahbaz Xuduoğlunun sözlərinə görə, əvvəl deyirdilər ki, Azərbaycanda kitab yoxdur, indi yerli yazarların, dünya yazarlarının kitabları var, amma oxucu yoxdur: “Bu bizə bir az toxunur. Demirəm ki, heç oxucu yoxdur, amma oxucuların belə azlığı bizi qane etmir. Bu ölkədə daha çox oxucu olmalıdır. Hər sahədə inkişaf gedir, amma kitabın inkişafı buna adekvat deyil. Axı insanın beyni də qidalanmalıdır, yalnız qarın haqda düşünmək olmaz. Kitabı, təhsili götürsək, yerində kim qalacaq, biz kimlərlə eyni cəmiyyətdə yaşayacağıq, kimlərlə qonşu olacağıq? Biz istəyirik ki, yarım milyonluq bir şəhərdə bir-iki kitab dükanı olmasın. Otuz minlik şəhərdə niyə kitab dükanı olmamalıdır ki...?”

“Ən böyük çatışmazlıq nəşriyyatlar arasında birliyin olmamasıdır”

“Alatoran” nəşriyyatının rəhbəri Rasim Qaraca qəzetimizə açıqlamasında nəşriyyatlara dövlət dəstəyinin lazımi şəkildə olmadığını dedi: “Haqlısınız, kitab sahəsinə - buraya yazardan tutmuş, nəşriyyat, satış şəbəkəsi və oxucular da daxildir - yanaşmada laqeydlik var, daha doğrusu, bu sektorun idarəetmə modeli demokratik deyil. Əslində pul da ayrılır və axtarsan dövlətin nəşriyyatlara dəstək proqramı da var, ancaq necə və hansı nəşriyyatlara dəstək verilməsi məsələsi şəffaf deyil. Digər məsələ qanunvericiliklə bağlıdır, nəşriyyatlar rəsmi olaraq ƏDV vergisindən azad olunmalıdır, ən azından uşaq ədəbiyyatının təşviqi üçün xaricdən gətirilən kağızın vergiyə cəlb olunmasında güzəştlər olmalıdır. Ən böyük çatışmazlıq nəşriyyatlar arasında birliyin olmamasıdır, bütün mədəni ölkələrdə nəşriyyatlar birliyi var və onlar öz problemlərini birlikdə həll etməyə çalışırlar, hətta dünya nəşriyyatlar birliyi də vardır. Bizdə isə nəşriyyatlar çətinlikləri öz imkanları hesabına aşmağa çalışırlar, nəticədə isə ümumən kitab sektoru uduzur”.

“Kitaba veriləcək 5 manatın çox olduğunu düşünən gənc...”

Rasim Qaraca kitabların baha olması məsələsinə də münasibət bildirdi: “Yuxarıda dediyim səbəblər üzündən kitabların çapı baha başa gəlir. Nəşriyyatlara güzəştlər olarsa, kitabları daha ucuz qiymətə çap etmək olar, və əhalinin oxuyan imkansız təbəqəsi də bundan bəhrələnər. Daha yaxşı olardı ki, ölkədə düzgün iqtisadi islahatlar aparılardı, əhalinin gəlir imkanları və mədəni səviyyəsi artardı, o zaman indiki qiymətlər o qədər də qorxunc görünməzdi. Başqa bir məsələ - TV-lərdə əhalinin maarifləndirilməsiylə bağlı verilişlərə yer verilmir. Oxumanın, öyrənmənin nə üçün vacib olduğu bütün vasitələrlə təbliğ olunmalıdır. Kitaba veriləcək 5 manatın çox olduğunu düşünən gənc, bu pulu çox rahatlıqla siqaretə və başqa əyləncəyə xərcləyə bilir”.

“Nəşriyyatlar əksər hallarda yaşamaq üçün kitabın keyfiyyətindən “yeyir”lər”

“Təəssüf ki, ölkəmizdə kitab nəşrinə və nəşriyyatlara xüsusi bir güzəşt, yaxud hər hansı gözə görünən bir dəstək yoxdur”. Bu sözləri “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariq sualımıza cavabında dedi: “Ən azından birinci addım kimi kitabların maya dəyərinin ucuzlaşması, nəhayətdə kitabın oxucuların əlinə daha aşağı qiymətlə çatması üçün kağızdan ƏDV götürülsə, çox yaxşı olardı. Digər bir addım nəşriyyatların ayaqda qalması naminə bir çox ölkələrdə olduğu kimi, dövlət hesabına nəşriyyatların nəşr etdiyi kitablardan müəyyən sayda alıb ümumi və məktəb kitabxanalarına hədiyyə edilməsi çox yerində bir dəstək olardı. Çünki hazırda oxucu sayı nəşriyyatların ayaqda durmasına kifayət etmir. Beləliklə də, tələb-təklif prinsipi pozulur və nəşriyyatlar əksər hallarda yaşamaq üçün kitabın keyfiyyətindən “yeyir”lər”.

“Hazırda nəşriyyat oxucuları yox, oxucular nəşriyyatı düşünməlidir”

N. Tariqin sözlərinə görə Azərbaycanda satılan kitablar heç də baha deyil: “Bizdə kitabların baha olması, ən azından şikayət olunacaq dərəcədə baha olması faktı ilə razılaşmıram. Dolların manata nisbətdə ucuz olduğu dövrdə bu haqda danışmaq mümkün idisə, dolların öz real dəyərinə yaxın olduğu hazırki dövrdə artıq xarici kitablar bizim üçün yerli kitablardan bahadır. Nəşr olunan kitabların tirajlarını, kağız qiymətlərini və s. nəzərə alsaq, əslində, xaricdə nəşr olunan kitablar bahadır. Təsəvvür edin, bizdə kitablar yaxşı halda min ədəd çap olunur, xarici dövlətlərdə isə kitablar var ki, ilk tirajı yüz mindir. Nəşriyyat işində qiymət tirajdan kəskin şəkildə asılıdır; min ədəd çap olunan kitabla yüz min ədəd çap olunan kitabın maya dəyəri arasında çox kəskin fərq var... Reallıq budur ki, ölkəmizdə kitab mağazaları nəşriyyatın öz kitabından nəşriyyatdan daha çox gəlir götürür. Məncə, hazırda nəşriyyat oxucuları yox, oxucular nəşriyyatı düşünməlidir, çünki ümumi gedişat nəşriyyat sahəsinin heç xeyrinə deyil”.

“Böyük xərclər çəkilir”

“Şərq- Qərb” mətbəəsinin rəhbəri Kamran İsayev qiymətlərin qalxmasının və ya kitabların baha olmasının normal olduğunu bildirdi: “Ona görə ki, bu kitabların ərsəyə gəlməsi üçün böyük xərclər çəkilir. Bu xərclər qarşılığında kitabların satışının ucuz olması nəşriyyat üçün sərfəli deyil. O ki, qaldı dövlət dəstəyinə, əlbəttə, nəşriyyatlara belə bir dəstək olarsa, daha yaxşı olar. O halda kitabların da qiymətində fərq olar”.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top