
Bir müddətdir xərçəng xəstəliyindən müalicə olunan usta aktyor Aydemir Akbaş 88 yaşında dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, usta sənətçinin vəfat xəbərini sosial şəbəkədə meneceri Özgür Aksoy açıqlayıb.
Yenidən xərçəngə tutulan Akbaş müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
88 yaşlı aktyor dünən evində huşsuz vəziyyətdə tapılıb və təcili olaraq xəstəxanaya çatdırılıb.
Aydemir Akbaşın yaxın dostu İbrahim Tatlısəs sosial şəbəkə hesabında 45 illik dostunun reanimasiyada olduğunu və yaxınlarından onun üçün dua istədiyini bildirib.
Qeyd edək ki, kino aktyoru, rejissor, ssenarist Aydemir Akbaş 1936-cı il martın 3-də İstanbulda anadan olub. İtaliya və Qalatasaray liseylərində təhsil aldıqdan sonra bir müddət jurnalist kimi fəaliyyət göstərib.
Sonra Altan Erbulakın rəhbərliyi ilə teatrda aktyorluğa başlayıb.
“Keşanlı Ali Destanı”, “Direkler Arası”, “Zilli Zarife”, “Ferhat ile Şirin” kimi tamaşalarda rol alıb.
1964-cü ildə rejissor Atıf Yılmazın çəkdiyi “Keşanlı Ali Destanı” filmi ilə kinoya qədəm qoyan usta aktyor “Sipsi Selim” obrazını canlandırıb.
Sənətçi 1974-cü ildə Yılmaz Güneyin Yeşilçam filmlərində də rol alıb. Sonrakı illərdə İbrahim Tatlısəslə ssenarilər üzərində işləyib.
Əsasən komediya janrında olan 127 filmdə rol alan, 8 filmə rejissorluq edən Akbaş 30-a yaxın teatr tamaşasında və bir çox serialda rol alıb.
