
Böyük alimlərdən biri evində oturmuşdu. Birdən qapı döyüldü. Qapının arasından köhnə dostunu gördü. Sədəqə istəməyə gəlmişdi. Onu utandırmamaq üçün qapını açmadı. Cəld otağa qayıdıb sandıqda əlinə keçən nə varsa, hamısını götürüb qapının arasından dostuna uzatdı. Dostu dua edib gedəndən sonra alim oturub hönkür-hönkür ağlamağa başladı. Xanımı, “Yoxsa, verdiklərinə görə ağlayırsan?” - deyə soruşdu. Alim belə cavab verdi: “Yox! Mən verdiklərimə görə yox, dostumdan hal-əhval tutmadığıma, onu dilənməyə məcbur etdiyimə görə ağlayıram!..”
Elə isə gəlin, biz də ağlayaq! Qonşularımızdan xəbər tutmadığımız üçün, dostlarımızı arayıb-axtarmadığımız üçün, xəstələrimizin halını soruşmadığımız üçün ağlayaq. Ən dəhşətlisi isə bu hisslərimizi itirdiyimiz üçün ağlayaq.
Həyatda çox şeydən xəbərsiz yaşayırıq. Bəzən həyatdan ümidini kəsənlərlə rastlaşırıq. Bəzən ehtiyac içində olanlarla qarşılaşırıq. Biz isə tamaşa edirik.
Və uşaqlar... Kimsiz-kimsəsiz uşaqlar...
Gəlin, yaxşılıq etmək istədiyimiz insanları uzaqda axtarmayaq. Onların lap yaxınlığımızda olduğunu unutmayaq.
Elə insanlar var ki, pulsuzluqdan, imkansızlıqdan yox, diqqətsizlikdən, qayğısızlıqdan ölüb gedirlər. Bəzən bir pişiyin ayaq səsləri, bəzən bir küləyin açdığı qapı ümid verir onlara.
Bir qonşu, “Görəsən bu gün hansı restorana gedək?” - deyə düşünürsə, o biri qonşu bir tikə çörəyin dərdini çəkir.
Yaxşılıq həyata məna verir. Bir də yaxşılıq elə bir dildir ki, lallar da, karlar da bu dildə danışa bilir.
Elə həyatın özü də yaxşılıq yarışıdır. Yaxşılıq həm də əl tutmaqdır, qayğı göstərməkdir. Və bir də şərik olmaqdır: sevincə də, kədərə də...
Murad Məmmədov