Atlar təkcə qarşı tərəfi yox, arxa tərəfi də yaxşı görürlər. Ancaq gözləri bir-birindən uzaqda olduğu üçün məsafələri (həmçinin, ölçüləri də) müəyyən etməkdə çətinlik çəkirlər. Başqa sözlə, atlar arxadan gələn təhlükəni görsələr də, bu təhlükənin nə qədər yaxında və ya uzaqda olduğunu müəyyən edə bilmirlər. Hətta bəzən atlar arxadan yaxınlaşan təhlükəni olduğundan ən azı iki dəfə yaxın, bəzən də olduğundan ən azı iki dəfə böyük görürlər. Ona görə də, həmişə yarış atlarının gözlərinə xüsusi at gözlükləri taxırlar. At gözlüklərindən təkcə yarış atlarında yox, qoşqu və ya yük atlarında da istifadə edirlər...
At olub at gözlüyü taxmaq, əlbəttə ki, yaxşıdır. Ancaq bir də insan olub at gözlüyü taxanlar var. Onlar hər şeyə öz prizmalarından baxırlar. Maraqlarına uyğun olmayan şeyləri qəbul etmirlər. Belələri üçün ancaq öz həqiqətləri var. Belələri üçün ancaq öz reallıqları var.
Nə yaxşı ki, dünyanı ilk dəfə dəniz yolu ilə fəth edən Magellan, heç vaxt at gözlüyü taxmadı. Nə yaxşı ki, ilk dəfə telefonu kəşf edən Qrehem Bell heç vaxt at gözlüyü taxmadı. Əgər Qaliley at gözlüyü taxsaydı, dünya hələ də öküzün buynuzlarında qalacaqdı. Əgər Edison at gözlüyü taxsaydı, dünyanı hələ də şamlar bəzəyəcəkdi.
İnkişafın mənbəyi dünyaya həqiqət gözü ilə baxmaqdadır. Tərəqqinin mənbəyi dünyanı ədalət gözü ilə görməkdədir. Kim bunu bacarmırsa, gözündəki at gözlüyünü çıxarmalıdır.
Murad Məmmədov