
HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İranda öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, Haniyə və daha bir nəfər onların qaldığı iqamətgahın atəşə tutulması nəticəsində həlak olublar.
HƏMAS hərəkatı da “Telegram” kanalında məlumat dərc edərək İranda siyasi büronun rəhbəri İsmayıl Haniyənin ölməsi barədə məlumatı təsdiqləyib.
Qeyd edilib ki, bu, Haniyənin İranın prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra onun Tehrandakı iqamətgahına İsrailin basqın etməsi nəticəsində baş verib.
İsrail ordusunun nümayəndələri HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İranda ölümü ilə bağlı CNN-ə açıqlama verməkdən imtina ediblər.
“Əl Hadath” telekanalının məlumatına görə, İsmayıl Haniyə Tehranda birbaşa raket zərbəsi nəticəsində həlak olub. Bildirilib ki, raket zərbəsi endirilən zaman Haniyə yataq otağında olub.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda deyilir ki, İran hakimiyyəti İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsini araşdırır.
“Bu səhər HƏMAS-ın İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahı hücuma məruz qalıb. Hadisə aydınlaşdırılır, nəticələr daha sonra açıqlanacaq”, - bəyanatda qeyd olunur.