
Səhər yerimizdən qalxar-qalxmaz qara nöqtələrin bombardmanı başlayır. Ekranları açırıq, bir tərəfdə ölümlər, qanlar, bir tərəfdə fəlakətlər, yanğınlar, bir tərəfdə daha nələr, nələr…
Sonra küçəyə çıxırıq. Maşınların hay-küyü, səbir kasası daşmış sürücülər, susmaq bilməyən siqnallar, yol boyu axıb gedən izdiham. Bir də bir-birinin içinə girmiş binalar arasında yaşamağa can atan ağaclar…
İşə gedirik, orada da başqa çətinliklər, başqa problemlər…
Axşam evə gələndə isə səhər gördüklərimizdən heç də fərqi olmayan görüntülər…
Bir verilişə baxmaq istəsək, yenə çəkişmə-mübahisə. Bir filmə baxmaq istəsək, yenə ölüm-qan.
Beləcə, daha bir günü başa vururuq.
Nəticə? Nəticə təbəssümdən məhrum üzlər, stressdən gərilmiş simalar. Qarşısındakını dinləməyi bacarmayanlar. Söz gücü ilə sübut edə bilmədiyini qol gücü ilə sübut etməyə çalışanlar. Sonra da sonu xəstəxanada, ya da həbsxanada bitən həyatlar…
Bütün bunların bizim cəmiyyətimizdə baş vermədiyini, uzaqdan və ya yaxından bizimlə heç bir əlaqəsi olmadığını kimi iddia edə bilər?
Görəsən, hanı o gülər üzlər? Hanı o sevincli gözlər? Hanı hörmət, ehtiram? Hanı təvazökarlıqdan qızaran simalar? Hanı “bar verdikcə” aşağı əyilən başlar? İndi bütün bunların əvəzində şübhələr, həyəcanlar, qorxular var.
Elə isə bu “təlatümlərdən” bizə qalan nədir? Sınan ürəklər, qırılan ümidlər, tapdalanan hisslər. Əslində, uzun-uzadı davam edən mübahisələrlə və ya dayanmadan atılan söz atəşləri ilə bundan artıq bir şey əldə etmək olmaz.
Elə isə bunun çarəsi nədir? Ya da bu zəhərli oxlardan necə xilas olmaq olar? Əslində, cavab çox sadədir. Əgər qaranlıqlar arasından doğan günəşin cazibəsini, qayalıqlar arasından çıxan ağacın gözəlliyini, qarışqaların həyat uğrunda mübarizələrini, arılrarın hər birimizə ibrət olan həyat tərzlərini dərk edə bilmiriksə, günah kimdədir?
Həyatımızın bir parçası olan gözəllikləri, bizə bəxş edilən nemətləri saymaq istəsək, yəqin ki, sayıb qurtara bilmərik. Təbii ki, bunlar arasında bizim sahib olduğumuz və ya olmadığımız nemətlər də var. Ancaq olsun. Bu da bizim üçün bir imtahandır. Kim bilir, bəlkə də ən böyük mükafatımız elə bu imtahanlardan olacaq!
Murad Məmmədov