Uşaqlarda şəxsiyyət tərbiyəsi


Əgər uşaqlarınızı şəxsiyyət kimi yetişdirmək istəyirsinizsə, ilk işiniz onlara səmimyyət və hörmətlə yanaşmaq olmalıdır. Digər tərəfdən, bu, həm də uşağa “Sən mənim üçün qiymətlisən” deməkdir. Həmçinin, uşağın boynuna məsuliyyət yükləmək də sizə bu işdə kömək edə bilər.
Bunlar ilk baxışdan çox sadə məsuliyyətlər də ola bilər. Məsələn, “Bundan sonra evdəki elektrik xətlərinə sən nəzarət edəcəksən”, “Bundan sonra evdəki su xətlərinə sən baxacaqsan” və s. kimi. Təbii ki, növbəti mərhələdə uşağınıza “Sən öz məsuliyyətini layiqincə yerinə yetirirsən” deyə və onu bu işə daha da həvəsləndirə bilərsiniz. Digər tərəfdən, bu, təkcə uşağınızı həvəsləndirmək yox, həm də uşağınızın uğurlarını ön plana çıxarmaq deməkdir.
Burada riayət etməli olduğunuz əsas qaydalardan biri də nə olursa-olsun, uşağınızda görmək istəmədiyiniz davranışları dilinizə gətirməməkdir. Məsələn, əgər siz uşağınızın yalan danışmasını istəmirsinizsə, ona “Yalan danışırsan!” deməməlisiniz. Ya da məsələn, uşağınızın qorxaq olmasını istəmirsinizsə, ona “Qorxaqlıq edirsən!” deməməlisiniz və s. Çünki uşağınızda olmasını istəmədiyiniz davranışları dilə gətirmək bir növ onu bu davranışlara “həvəsləndirmək” deməkdir. Əksinə, belə demək daha doğrudur: “Sənin doğru danışmağın mənim çox xoşuma gəlir”, ya da “Hər dəfə cəsur davrananda səninlə fəxr edirəm” kimi. Digər tərəfdən, bu sözləri deyərkən təhqiredici ifadələrdən də istifadə etməməlisiniz.
Bu işdə başqa vacib bir məsələ isə uşağınızın sizdən fərqli olduğunu qəbul etməkdir. Buna görə də, unutmayın ki, bizim hiss etdiyimiz şeyləri o, eyni şəkildə hiss etmək məcburiyyətində deyil. Bu isə o deməkdir ki, bizi qəzəbləndirən bir şey onu güldürə bilər. Ya da başqa bir ifadə ilə, bizdə kədər oyadan bir şey onu sevindirə bilər və s. Çünki bizim onunla başqa-başqa dünyalarımız var. Buna görə də, ən yaxısı onun dünyasını qəbul etmək və ona onun dünyasına görə yanaşmaqdır. Çünki belə olduqda onun haqqında yürütdüyümüz məntiq də onun dünyasına uyğun olar.
Bu işdə əsas məsələlərdən biri də uşağınızın şəxsiyyətinə zərbə vura biləcək şeylərdən uzaq olmaqdır. Çünki uşaqların həyatında əsas iki dövr mövcuddur. Bu dövrlərdən biri 2-6 yaş dövrü, o biri isə yetkinlik dövrüdür. Çünki bu dövrlər uşaqlarda ilk dəfə öz “mən”lərinin formalaşdığı dövrlərdir. Bu iki dövrdə xüsusilə bütün tənqidlər, təhqirlər, ittihamlar bir kənara qoyulmalı, hətta, mümkün qədər sıfıra endirilməlidir. Digər tərəfdən, bu dövrlərdə uşağınıza nümunə olmalı və onda müsbət hesab etdiyiniz keyfiyyətləri artırmaq üçün həvəsləndirməlisiniz. Çünki bunlar uşağın şəxsiyyət kimi formalaşmasında əsas amillərdən biridir.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top