
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il milyonlarla insanın ölümünə səbəb olan dörd zərərli məhsulun – “Böyük dördlüyün” adını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın Avropa Bürosu hesabat yayıb.
Hesabata görə, alkoqol, tütün, emal olunmuş qidalar və mədən yanacaqları (kömür, neft və s.) hər il dünyada 19 milyon nəfəri öldürür. Bu rəqəmdən Avropaya düşən pay isə ən azı 2,7 milyondur. Təkcə Avropada bu, bütün ölümlərin 34%-ni təşkil edir.
İnsanların çoxu – ildə 1,15 milyon insan tütün istifadəsindən ölür. Mədən yanacaqları ildə 579 minə yaxın insanın həyatına son qoyur. Alkoqol istehlakı – 427 minə yaxın insanın ölümünə gətirib çıxarır. Qalan ölüm hallarına emal olunmuş məhsulların qəbulu səbəb olur.
ÜST hesab edir ki, bu və digər sənaye sektorlarının az sayda güclü transmilli korporasiyalarda birləşməsi onlara fəaliyyət göstərdikləri hüquqi və siyasi mühitlər üzərində əhəmiyyətli güc əldə etməyə, habelə ictimai maraqları təmin edən normativ hüquqi aktların qəbulunun qarşısını almağa imkan verir.
ÜST vurğulayır ki, böyük biznes tərəfindən tətbiq edilən aqressiv reklam və marketinq tədbirləri məhsulların faydaları və zərərləri haqqında məlumatların təhrif edilməsinə şərait yaradır.
“Bu cür taktikalar ötən əsrdə ictimai sağlamlığın əldə etdiyi nailiyyətləri təhdid edir və ölkələrin öz sağlamlıq məqsədlərinə çatmasına mane olur”, - ÜST-nin Avropa üzrə rəhbəri Hans Klyuqe deyib.
“İnsanlar mənfəətlərdən daha vacib olmalıdırlar”, - deyə Klyuqe əlavə edib.