Qızıl insanların etimadını doğruldur

Son günlər sarı metalın - qızılın qiyməti yüksəlməyə başlayıb. Mərkəzi Bankın açıqladığı rəsmi məzənnəyə görə, dünən bir unsiya (31 qram) qızılın qiyməti 2138 manata (1 qram qızıl 68,9 manat) bərabər olub. Halbuki bir ay əvvəl qızılın qramı 6% və ya 3,9 manat daha ucuz - 65 manat olub. Təkcə son bir ay ərzində qızılın bir unsiyasının qiyməti 123 manatdan artıq bahalaşıb. Cari ilin əvvəli ilə müqayisədə isə bir qram qızıln qiyməti 28% və 15 manat artıb. Belə ki, bu ilin əvvəlində 1 qram qızılın qiyməti 53,8 manat təşkil edib. Onu da bildirək ki, qızılın qiymətindəki artım təkcə manatın dollar qarşısında dəyərdən düşməsi ilə bağlı deyil. Qızıl dollar ifadəsində də dəyər qazanmaqdadır. İlin əvvəlində 1 qram qızılın qiyməti 34,5 dollara olduğu halda, dünən 41 dollara bərabər olub. Nəticədə dollar ifadəsində qızılın qiyməti ilin əvvəlindən ötən dövr ərzində 19%-ə yaxın artıb.

Sarı metal 8,6 dollardan 41 dollara qədər bahalanıb

Qızılın qiymətində müşahidə edilən son 16 illik dəyişikliklərə nəzər saldığımız zaman belə görünür ki, son 3 ili - 2013-2015-ci illəri nəzərə almasaq sarı metal bu illər ərzində heç vaxt ucuzlaşmayıb. 2000-ci ilin dekabr ayından bu ilin oktyabr ayına kimi qızılın qiyməti 4,7 dəfədən çox artıb. 15 il 10 ay bundan əvvəl qızılın bir qramı 8,6 dollara satılıb. Qiymət artımı ən çox 2009-cu ildə qeydə alınıb - 33,6%. 2008-ci ilin dekabr ayının ilk günlərində qramı 25,6 dollardan satılan qızıl bir il sonra 38,5 dollara satılıb. Ən aşağı qiymət artımı isə 2008-ci ildə müşahidə olunub. Belə ki, 2008-ci il ərzində qızılın qiyməti cəmi 1,6% bahalanıb.

İnsanların qızıla olan inamı artır

Qeyd edək ki, əksər mütəxəssislər qızılın bahalaşmasını qiymətli metala olan təlabatın artması və psixoloji amillərlə əlaqələndirirlər. Hazırda dünya iqtisadiyyatında qeyri-müəyyənlik hökm sürür. Yaxın Şərqdə böhran davam etməkdədir. Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ-da gərgin seçkilərdən sonra gözlənilmədən Tramp prezident seçilib. ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları davam edir. İqtisadi böhranla üzləşən dövlətlərin sayı artır. Neftin qiyməti isə gözləntilərin əksinə olaraq bahalanmır. Dünyanın aparıcı iki valyutasının - avro və dolların məzənnələrində ciddi dalğalanmalar müşahidə olunur. Belə vəziyyətdə insanlar bugünə qədər əsas yığım vasitəsi hesab olunan dollar və avrodan imtina edirlər. Bu da təbii olaraq qızılın bahalaşmasına şərait yaradır. Eyni zamanda, yuxarıda qeyd etdiyimiz kimi, son illər ərzində qızılın dəyəri demək olar ki, kəskin şəkildə aşağı düşməyib. Bu da insanların qızıla olan etibarını daha da artırır ki, nəticədə sarı metalın qiyməti yüksəlməyə başlayır.

Allahverdi Aydın

DİGƏR XƏBƏRLƏR

Top