Ərdoğan 7 generalı əfv etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “28 Fevral işi”ndə təqsirli bilinən 14 nəfəri əfv edib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, Ərdoğan bununla bağlı qərar imzalayıb.
Qərara görə, xəstəlik və qocalıqla əlaqədar 14 məhkumun qalan cəzaları ləğv edilib. Bu barədə qərar “Rəsmi Qəzet”də dərc olunub.
Qərara əsasən, Ərdoğanın əfv etdiyi 14 məhkum arasında “28 Fevral işi” üzrə mühakimə olunan keçmiş generallar Çevik Bir, Çetin Doğan, Erol Özkasnak, Fevzi Türkeri, Yıldırım Türker, Cevat Temel Özkaynak və Aydan Erol da var.
Qeyd edək ki, Türkiyədə postmodern çevriliş və ya “28 Fevral Prosesi” Nəcməddin Ərbakanın baş nazir, Tansu Çillərin isə baş nazirin birinci müavini və xarici işlər naziri olduğu 28 fevral 1997-ci il tarixdə başlayan ordu və bürokratiya mərkəzli bir çevriliş prosesidir. Proses Ərbakanın istefası və 54-cü Türkiyə Nazirlər Kabineti olan REFAHYOL Hökumətinin dağılması ilə nəticələnib.
Qərarların və sanksiyaların icra edilib-edilmədiyini yoxlamaq üçün Türkiyə Baş Qərargah rəisinin birinci müavini Çevik Birin rəhbərliyi ilə Qərb Fəaliyyət Qrupu yaradılıb. Çevrilişdə fəal rol oynayan bəzi şəxslər sonradan “Balyoz” və “Ergenekon” kimi məhkəmə işlərində mühakimə olunublar.
Məsələ ilə bağlı iş 2012-ci ildə başlayıb. Nəticədə, 103 nəfərə qarşı Türkiyə hökumətini zorakılıq yolu ilə devirməyə cəhd etməklə bağlı ittiham irəli sürülüb. Ərbakanın devrilməsinin planlaşdırılmasında iştirak edən Çevik Bir və digər 30 hərbçi saxlanılaraq, məhkəmənin qərarı ilə müxtəlif müddətlərə həbs cəzasına məhkum ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top