
Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racup Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasından (FİFA) İsrail Futbol Federasiyasının təşkilata üzvlüyünü müvəqqəti dayandırmağı tələb edib.
Yeniavaz.com xəbər verir ki, o, bunu Banqkokda keçirilən FİFA-nın 74-cü Konqresi zamanı deyib.
“Biz Fələstinin hüquqlarına hörmət edilənə qədər İsrail Futbol Federasiyasının FIFA-ya üzvlüyünün müvəqqəti dayandırılmasına çağırırıq”, - deyə Racup bildirib.
O bildirib ki, FIFA-nın belə bir səlahiyyəti var:
“Qurum onun nizamnaməsinə hörmət etməyə çalışmalıdır. Həmçinin biz də. İntizam komitəsini İsrail Futbol Federasiyasına sanksiya tətbiq etməyə çağırıram”.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb. 2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs elan edilib və İsrailin məlumatına görə, bu müddət ərzində 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayıb və hazırda da davam edir. Fələstin anklavının Səhiyyə Nazirliyinin yaydığı sonuncu məlumata əsasən, Qəzzada indiyədək 35 min 272 nəfər ölüb, 79 min 205 nəfərisə yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz