“Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa, onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb”. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, ekspert Vüqar Bayramov deyir ki, bəzi banklar belə təzyiqlərdən istifadə etməklə borcun ödənilməsinə çalışırlar: “Bankın öz borcunu istəməsinə heç kim etiraz etmir, amma bu, sivil və qanuvericiliyin imkan verdiyi hallar çərçivəsində olmalıdır. Hədə metodları səmərəli olmamaqla yanaşı, eyni zamanda qanunvericiliyə ziddir. Bank borclu ilə bağlı məlumatları ictimai şəkildə bölüşməklə ödənişi tələb edə bilməz. Əgər borcunuz varsa və bank sizə bu yollar ilə təzyiq edirsə daha məqsədəuyğundur ki, sizi hədələyən bankı məhkəməyə verərək, kompensasiya tələb edəsiniz. Mövcud qanunvericilik sizə belə banklardan kompensasiya tələb etmək və almaq hüququ verir. Bununla hədə yolu seçərək sizdən borc tələb edən banklardan siz pul alın. Bu, həmçinin belə banklara borcu olanlardan pulu daha sivil yollar ilə istəmək vərdişi aşılaya bilər. Bu yaxınlarda mənə müraciət edən və bank tərəfindən ona göndərilən “hədə” sms ilə də tanış olanda bəzi bank əməkdaşlarının “iş prinsipləri” daha aydın bəlli olur”.
“Bankı məhkəməyə verə və ona dəyən mənəvi zərəri tələb eləyə bilər”
Problemlə bağlı hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Yeni Avaz” qəzetinə geniş açıqlama verib: “Hər hansı bir şəxsin bankla apardığı istənilən əməliyyat - bank hesabı, əmanət, kredit və s. bank sirridir. Yəni bu məlumatı bank yalnız müştəriyə, ya da qanunla nəzərdə tutulan müəyyən hallarda bəzi dövlət orqanlarına verə bilər. Amma digər şəxslərə bank bu məlumatı verə bilməz. Hətta müştərinin ailə üzvlərinə, qohumlarına belə. İş yerinə isə ümumiyyətlə, məlumat verə bilməz”.
Əkrəm müəllimin sözlərinə görə, bu barədə məlumatın verilməsi bank sirrinin pozulmasıdır: “Müştəriyə dəyən mənəvi zərəri bank ödəməlidir, hətta bu halda mənəvi zərər artır. Bu halda bank sirrinin pozulması ona gətirir ki, həmin şəxs haqqında mənfi fikir formalaşır. Bu isə həmin işçinin iş yerində qalmasına, əmək haqqına və s. məsələlərə pis təsir göstərə bilər. Buna görə də bəli, həmin şəxs bankı məhkəməyə verə və ona dəyən mənəvi zərəri tələb eləyə bilər. Eyni zamanda müştəri Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də müraciət eləyə bilər ki, bankı cəzalandırsınlar. Bank burada bank haqqında qanunverciliyi pozur və buna görə palata onu cəzalandırmalıdır. Həm də bank istehlakçı hüquqlarını pozur və buna görə Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də bankı cəzalandırmalıdır”.
“Bu halda banklar məhkəmədə uduzacaqlar”
Bəs banklar qanunu pozduqlarını bilirlərsə, vətəndaşlara niyə təhdid xarakterli SMS-lər göndərirlər? Onların bu arxayınlığının səbəbi nədir? Sualımıza Əkrəm müəllimin cavabı belə oldu: “Bankların ekspertləri də bilirlər ki, qanunvericiliyi pozurlar və onların arxayınlığı mənim fikrimcə, bizim əhalinin passivliyindəndir. Bizdə insanların böyük əksəriyyəti hətta biləndə ki, hüquqları var, bundan istifadə etmirlər. Mən özüm xeyli müddətdir bu sahə ilə məşğulam, borcu olan vətəndaşlara tövsiyə edirik ki, gəlin sizə pulsuz məsləhət, nə sənəd forması lazımdırsa verək, gedin özünüz banka qarşı məhkəmədə iddia qaldırın. Bildiririk ki, bunu kütləvi şəkildə hamınız edin, bu halda banklar məhkəmədə uduzacaqlar. Amma bizdə əhali təəssüf ki, passivdir, bunu etmirlər. Tək-tək hallarda bunu edəndə isə banklar, açıq danışaq - məhkəməyə pul verirlər və udurlar. Belə iddialar kütləvi olsa, bankların bu qədər pulu yoxdur ki, getsinlər hər bir iddiaya görə pul versinlər. Həm də belə iddialar kütləvi olsa, hakimlər belə işlərə görə pul almağa qorxacaqlar. Görəcəklər ki, çoxdur belə işlər, yəni ki, əks-sədası çıxacaq, bu işlərə görə dövlət başçısına, digər orqanlara gedib çıxa bilər. Banklar çox gözəl bilirlər ki, bizdə camaat passivdir”.
“3-4 il bundan əvvəl anoloji vəziyyət Ukraynada yaranmışdı”
Müsahibimiz buna misal olaraq bir neçə il öncə Ukraynada baş verənləri qeyd etdi: “3-4 il bundan əvvəl anoloji vəziyyət Ukraynada yaranmışdı. Orada da əhalinin borc məsələsi idi, dollar kreditləri çox idi. Nə baş verdi? Ukraynalılar başladılar kütləvi şəkildə banklarla məhkəmə çəkişmələrinə. Vəssalam. Bankların bu qədər, uzunmüddətli işləri aparmağa resursu yoxdur. Banklar başa düşdülər, məcbur oldular müştərilərə güzəştə getməyə ki, təki bu məhkəmə işləri olmasın. Bizdə belə deyil. Buna görə də banklar bilirlər ki, belə iddialar kütləvi olmayacaq, olsa da uzaqbaşı gedib pulla həll edəcəyik. Hətta fikirləşirlər ki, prosesi uduzsaq belə, bir-iki nəfərin kompensassiyası nə olacaq axı? Uzaqbaşı müştərinin kredit borcundan çıxılacaq”.
“Sənədlərin əldə olunmasına kömək edirik”
Həmsöhbətimiz banklardan təhdid xarakterli sms alanlara şikayət etməyi məsləhət gördü: “Mən və digər ekspertlər dəfələrlə vətəndaşlara deyirik ki, şikayət eləyin. Bunu bir daha deyirəm, edə bilmirsinizsə, gəlin, formasını biz sizə başa salaq, sənədlərin əldə olunmasına kömək edək özünüz eləyin. Eləmirlər. Hər kəs fikirləşir ki, mən bankı məhkəməyə verəcəm, hə, nə olsun? Sən ver, bir başqası versin, hamınız verin. Mən uzun illərdir bu sahədə çalışıram - təcrübədən belə qənaətə gəlmişəm ki, haqqını tələb eləyənlər əvvəl axır, demirəm bütün hallarda - əksər vaxtlarda istədiklərinə nail olurlar. Çünki hakimlər də, digərləri də qorxurlar”.
“Bu yolla getmək lazımdır”
Əkrəm Həsənov sualımıza cavab olaraq başqa bir faktı da misal göstərdi: “Bu ilin əvvəlində biz bank VTB-yə qarşı kütləvi iddia qaldırmışdıq. Deməli, bu bank Mənzil Tikinti Koorperativi vasitəsi ilə ev almaq üçün dollar kreditləri vermişdi. Biz başladıq bu banka qarşı kütləvi iddia qaldırmağa. Təxminən 50 nəfər. Həm bankı, həm də Mənzil Tikinti Koorperativini məhkəməyə verdik. Nə baş verdi? Bu gün həmin müştərilərin hamısını banka dəvət edirlər və ortaq məxrəcə gəlirlər, dolların kursunu 1 manat 40 qəpikdən hesablayıb kreditin müddətini 20 ilə qədər uzadırlar. Yəni mən demirəm ki, müştərilər istədiklərinə tam nail olublar, ancaq bu da bir kompramisdir. Bu dəqiqə hansı bank dollar kreditini bu kursla hesablayır? Bu hamısı onun nəticəsidir ki, bank və həmin koorperativ gördü ki, kütləvi iddialar qaldırılır və bunun öhdəsindən gələ bilməyəcəklər. Buna görə də bu yolla getmək lazımdır”.