İmran Əliyevin polis idarəsində işgəncəyə məruz qaldığı deyilir


“Məclis. info” portalının saxlanılan rəhbəri İmran Əliyevin polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığı deyilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov öz sosial şəbəkə hesabında yazıb.
O iddia edir ki, İ. Əliyevin bədəninə polis idarəsində elektrik cərəyanı ötürülüb:
“Bu vəhşilklər ona görə baş verib ki, jurnalist saxta ittihamlar irəli sürən ibtidai istintaqla əməkdaşlıq etsin, tələb olunan qondarma protokollara, ifadələrə imza atsın. Lakin jurnalist İmran Əliyev ağlasığmaz işgəncələrin qarşısında iradə nümayiş etdirib, başqalarının və özünün əleyhinə hansısa ifadalərə imza atmayıb”.
Hüquq müdafiəçisi bildirir ki, İmran Əliyev başına gətirilənlər barədə ictimaiyyətə məlumat verdikdən sonra yenidən işgəncəyə məruz qalıb:
“Onu döyərək işgəncə veriblər, soruşublar ki, “Niyə yaxınlarına, jurnalistlərə xəbərçilik edirsən?””
İddialarla bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.
Xatırladaq ki, aprelin 18-də “Meclis.info” portalının rəhbəri İmran Əliyev Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bir gün sonra – aprelin 19-da isə Xətai Rayon Məhkəməsi onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçib.

DİGƏR XƏBƏRLƏR

Top