Ələsgər Məmmədlinin müalicə müəssisəsinə köçürülməsi barədə qərar qəbul edildiyi bildirilir


“Toplum TV”nin həmtəsisçisi, media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətlə bağlı iclas keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir, bu gün Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qeyd olunub ki, müdafiə tərəfi vəsatəti geri götürüb.
Tanınmış jurnalist Rüfət Muradlı isə Ələsgər Məmmədlinin müvəqqəti müalicə müəssisəsinə köçürülməsi ilə bağlı qərar qəbul edildiyini bildirib.
Xatırladaq ki, martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib. Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar arasında “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı “III Respublika”nln ofisindən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı susdurmaqdır.

DİGƏR XƏBƏRLƏR

Top