Uşaqlar sevildiklərini bilməlidirlər…


Bəzi valideynlərin uşaqlarına qarşı olan sevgisi “çünki” sevgisidir. Yəni, belə valideynlər sevgilərini müəyyən səbəblərlə əlaqələndirirlər. Uşaqlar da, təbii olaraq, bu səbəb (ya da səbəblər) olmasa, sevilməyəcəklərini düşünürlər. Məsələn, “Mən səni sevirəm, çünki dərslərini yaxşı oxuyursan”, “Mən səni sevirəm, çünki məni incitmirsən”, “Mən səni sevirəm, çünki vaxtında yatırsan” və s...
Bəzi valideynlərin sevgisi isə “əgər” sevgisidir. Belə valideynlərdə də sevgi müəyyən şərtlərlə məhduddur. Uşaqlar da, təbii olaraq, bu şərti (ya da şərtləri) yerinə yetirməsələr, sevilməyəcəklərini düşünürlər. Məsələn, “Əgər yeməyini yesən, səni çox sevəcəyəm”,  “Əgər tapşırığını yerinə yetirsən, səni çox sevəcəyəm”, “Əgər oyuncaqlarını yığışdırsan, səni çox sevəcəyəm” və s...
Halbuki hər hansı bir səbəbdən və ya şərtdən asılı olan bir sevgi öz gücünü daha tez itirir və nəticə etibarı ilə uşaqlar bu cür sevgilərə inanmaqda çətinlik çəkirlər. Digər tərəfdən, bu, uşaqların sizi tam mənası ilə sevməsinə də mane olur.
Təbii ki, burada təhlükə təşkil edən əsas amillərdən biri (bəlkə də, birincisi) valideynlərin bu sevigilərini uşaqlarına hiss etdirmələridir. Halbuki, əsas məsələ uşaqları “baxmayaraq” sevməkdir. Yəni, “nadincliklərinə baxmayaraq sevmək”, “şıltaqlıqlarına baxmayaraq sevmək”, “inadkarlıqlarına baxmayaraq sevmək” və s. Bu cür sevgini hiss edən uşaqlar valideynlərinə daha çox inanırlar. Təbii ki, belə uşaqların sevgisini qazanmaq da daha asan olur.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top