Ramzan Kadırov Rusiyanın daxili işlər naziri ola bilər – KİV


Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın daxili işlər naziri postunu tuta bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tsarqrad” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, “Krokus Siti Holl”da terror aktının törədilməsi və sonradan miqrantların saxlanılması daxili işlər naziri vəzifəsində rotasiyaya səbəb ola bilər. Ona görə də, hazırda indiki daxili işlər naziri Vladimir Kolokoltsevi əvəz etmək üçün bir neçə namizədin adı hallanır.

Vladimir Kolokoltsev

Namizədlər arasında Ramzan Kadırovun bu posta mümkün təyinatı birmənalı qiymətləndirilir. Ancaq bir tərəfdən, onun sərt rəhbərliyinin böhran vəziyyətlərində təsirli ola biləcəyi qeyd edilsə də, digər tərəfdən, federal səviyyədə işləmək təcrübəsinin olmamasının bu işə mane olacağı vurğulanır.
Daxili İşlər Nazirliyinin rəhbəri postuna mümkün namizədlərdən biri də Federal Penitensiar Xidmətin rəisi Arkadi Qostevdir. O, əvvəllər Daxili İşlər Nazirliyinin strukturlarında işləyib, 2012-2021-ci illərdə isə daxili işlər nazirinin müavini vəzifəsini icra edib.
Digər bir potensial namizəd isə Rusiya Prezidentinin keçmiş köməkçisi və Yaroslavl vilayətinin keçmiş qubernatoru Dmitri Mironovdur. O, təhlükəsizlik orqanlarında və Daxili İşlər Nazirliyində lazımi təcrübəyə malikdir və çoxları hesab edir ki, Mironovun nazir postuna mümkün təyinatı ilə polisdə islahatlar başlaya bilər.
“Kadırovun bu vəzifəni tutması ehtimalı istisna edilə bilməz, baxmayaraq ki, bu, praktiki olaraq əsaslandırılmış qərardan daha çox idarənin mövcud strukturları üçün təhlükə ola bilər”, - deyə telekanal qeyd edib.
Telekanal həmçinin daxili işlər nazirinin təyinatının Rusiya Prezidentinin şəxsən verdiyi qərar olduğunu və onun seçimini əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını bildirib.
Qeyd edək ki, Rusiya hökumətinin yeni tərkibi mayın 7-də formalaşacaq. Ekspertlərin hesablamalarına görə, yeni tərkibdə nazirlərin 15-30 faizi dəyişdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top