“Mən peşəmi heç bir işlə dəyişmərəm”

Fəhləni, mühəndisi, alimi, həkimi - hər kəsi tərbiyə edən müəllimdir. Elə buna görə də müəllimlik şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşə sayılır. Belə peşə sahiblərindən biri də Xucbala kənd tam orta məktəbinin müəllimi Ayişə Şabut qızı Şabutovadır.

“Mən müəllimliyi ilk müəllimim Əhəd Şixəmmədovun simasında sevmişəm”, - sözləri ilə bizimlə söhbətə başlayan Ayişə xanımın sözlərinə görə, o, bu arzusuna birdən-birə yetişməyib. Belə ki, tale elə gətirib ki, orta məktəbi bitirəndən sonra bir müddət fəhlə, daha sonra rabitəçi kimi fəaliyyət göstərib. Rabitə sahəsində yaxşı mütəxəssis kimi ad-san qazansa da, hətta səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunsa da, müəllimllik arzsusu bir an onu tərk etməyib. Beləcə, o, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politologiya ixtisasına, daha doğrusu, ictimai siyasi fənlər üzrə müəllim ixtisasına yiyələnib.

“Müəllimlik çətin peşədir. Amma şagirdinin qazandığı uğur çəkilən əziyyətləri bir anda silir, yerini məmnunluq tutur”, - sözləri ilə söhbətini davam etdirən Ayişə xanımın dediyinə görə, onun aləmimdə müəllim öz biliyini şagirdlərin beyninə köçürməyi bacaran şəxsdir: “Etiraf edək ki, əvvəlki illərdən fərqli olaraq, müəllimin nüfuzu bir qədər aşağı düşüb. Mənim fikrimcə, bu məsələdə həm cəmiyyətin, həm də bəzi müəllimlərin təqsiri var. Əgər müəllim öz dərsini maraqlı təşkil etsə, ictimayyət arasında özünü həmişə nümunəvi, yəni həqiqi müəllim kimi aparsa, onun nüfuzu heç zaman düşməz. Unutmayın ki, müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir. Bir sözlə, müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalı, dilini, dinini, vətənini, vətəndaşlarını, dövlətini sevməyin nümunəsini elə yaşamaıldır, elə təmsil etməlidir ki, həkk etdiyi mənəvi dəyərləri zamanın rüzgarları aşındıra bilməsin”.

Həmişə daşıdığı adı yüksək tutmağa çalışdığını və 20 ildən çoxdur ki müəllim kimi fəaliyyət göstərən Ayişə xanım eldə-obada tanınmış şəxslərdən söz düşəndə: “O, Ayişə xanımın şagirdi olub” sözlərini eşitdikdə göylərin yeddinci qatında olduğunu dedi: “Belə məqamlarda bir qayda olaraq, bu sözləri deyirəm: “Nə yaxşı ki, bu müqəddəs peşəni seçmişəm. Mən peşəmi heç bir işlə dəyişmərəm. Yeri gəlmişkən, sizə bir fakt söyləyim. Yaşadığım Xucbala kəndində kənd icra nümayəndəliyinin müavini vəzifəsi mənə təklif olunmuşdu. Lakin tərəddüd etmədən imtina etdim”.

“Dərs deməklə müəllimin vəzifəsi bitmiş hesab olunurmu?” sualına isə həmkarımız belə cavab verdi: “Əsla yox. Müəllim dərsdən sonra da şagirdlərin asudə vaxtının səmərəli keçməsi üçün tədbirlər keçirməlidir. Məsələn, mən şagirdlərimi ildə bir dəfə Bakı şəhərinə ekskursiyaya aparır, onları tarixi məkanlarımızla tanış edirəm. Bu kimi tədbirlər təbii ki, şagirdlərin hadisə və proseslər haqqında daha inandırıcı məlumat almasını təmin edir. Yeri gəlmişkən, mən çalışdığım Xucbala kənd tam orta məktəbində tarix kabineti də təşkil etmişəm. Burada vaxtaşırı silsilə tədbirlər-disputlar, viktorinalar, tarix gecələri, müharibə veteranları ilə görüşlər təşkil edirəm. Onu da deyim ki, tarix dərsləri gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Bu vətənpərvərlik ruhunu şagirdlərə aşılamasında əyani vəsaitlərin də əhəmiyyəti var”.

Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqət və qayğıdan söz açan Ayişə xanım “Dövlət ümumtəhsil müəssisələrində çalışan, diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” sərəncamdan da söz açdı. Dedi ki, sınaq qiymətləndirmə nəticəsində müəllimlərin yaşayış səviyyəsi yüksəldilir: “Təhsilimizin daha yüksək səviyyədə olması üçün müəllim ancaq elmlə məşğul olmalıdır. O, sinfə girərkən digər sosial ehtiyaclar haqda düşünməməlidir. Bəzən kənddə yaşayan müəlim mal-qara saxlayır, onun istər-istəməz fikri həmin heyvanların yanında qalır. Ona görə onun maddi vəziyyəti normal olmalıdır. Yaxşı müəllimlər təhsilin, cəmiyyətin xoşbəxt gəlcəyinin fədailəridir. Onlar başqa sənət haqqında düşünmürlər. Maddi maraqları heç vaxt onların önünə keçməz. Lakin müəllim əməyinə vaxtında, layiqincə qiymət verilən cəmiyyətlər də heç vaxt peşiman olmayıblar”.

Onun sözlərinə görə, müasir şagirdin məlumat əldə etmə imkanları çoxdur: “Odur ki, müəllim öz üzərində işləməyi özünün bir nömrəli işi hesab etməlidir. Eşitdiyim bir kəlamı yada salmaq istərdim: “Müəllim oxumadığı, mütaliə etmədiyi gün ölür. Özünütəhsil müəllim üçün vacibdən də vacibdir. Gündəlik öz üzərində çalışmayan müəllim dərsdə özünü heç vaxt sərbəst apara bilməz”.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top