Nənəli nəvələr, yoxsa nəvəli nənələr?..


Cəmiyyətdə ən çox rast gəldiyimiz hallardan biri də işləyən anaların uşaqlarına baxmaq üçün nənələrə üstünlük vermələridir. Bu, həm maddi, həm də mənəvi baxımdan anaların üstünülük verdikləri bir yoldur. Ancaq əgər nənə başqa bir şəhərdə (rayonda, qəsəbədə və ya kənddə) yaşayırsa, onda bu məsələ üzərində bir neçə dəfə düşünmək lazımdır. Başqa sözlə, uşağı anadan uzun müddət ayırmaq ana-uşaq münasibətləri baxımından çox ciddi təhlükə deməkdir. Üstəlik, analarından uzaqda böyüyən uşaqlar evlərinə qayıtdıqda ailələrinə uyğunlaşmaqda çətinlik çəkirlər.
Bu məsələdə ortaya çıxan daha bir problem isə uşaqlıq depressiyasıdır. Belə uşaqlarda normal depressiya əlamətləri ilə yanaşı, alt islatmaq, dırnaq yemək və s. kimi əlamətlər də müşahidə olunur. Hətta, nənə-uşaq münasibətlərində hər hansı bir problem olmadığı hallarda belə bu təhlükə davam edir. Buna görə də, valideynlər uşaqlıq depressiyası ilə qarşılaşdıqda ümidsizliyə düşməməli və bir mütəxəssisdən kömək istəməlidirlər.
Digər tərəfdən, belə hallarda ünsiyyətə yenidən başlamaq və ya ünsiyyəti möhkəmləndirmək də problemin həllinə müsbət təsir göstərə bilər. Bununla yanaşı, nənə-uşaq münasibətlərindəki əsas problemlərdən biri də nənələrin (təbii ki, babaların da...) nəvələrinə qarşı hiss etdikləri ifrat sevgidir. Bu isə ilk növbədə nənə və nəvə arasında sevgi-tərbiyə tarazlığının pozulmasına səbəb olur. Halbuki, hər bir uşağın inkişafında sevgi qədər tərbiyənin də əhəmiyyəti böyükdür. Buna görə də, nənələr bu tarazlığı maksimum dərəcədə qorumağa çalışmalı və ilk yaşlardan nəvələrə “səhv-düz” və “yaxşı-pis” kimi keyfiyyətləri aşılamağa çalışmalıdırlar. Təbii ki, nənələr bu məsələdə anaların köməyindən də istifadə etməyi unutmamalıdırlar.
Ən çox yol verilən səhvlərdən biri də uşağın həftənin əvvəlində nənəsinin, həftənin axırında isə anasının yanında qalmasıdır. Halbuki, uşağın inkişafında zamanın rolu böyük olduğu kimi, məkanın da rolu böyükdür. Üstəlik, bu zaman da, məkan da sabit olmalıdır. Digər tərəfdən, uşaqla bağlı bütün qərarları ata və ana verməlidir. Bu vəziyyətdə uşağa baxan kim olursa-olsun, ikinci planda qalmalıdır. Uşağa baxmaq məsələsinə gəlincə, burada əsas üstünlük uşaqla daha yaxşı ünsiyyət quranlara və uşağın inkişafına daha yaxşı “töhfə verənlərə” verilməlidir.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top