Rusiyada Quranı yandıran şəxsə hökm oxundu


Rusiyanın Volqoqrad şəhərində məscidin yaxınlığında Quranı yandırmaqda təqsirləndirilən Nikita Juravel 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə qərarı Qroznı şəhərinin Visaitovski rayon məhkəməsi qəbul edib.
“Qismən əlavə edilməklə, ümumi rejimli islah koloniyasında çəkilməsi nəzərdə tutulan üç il beş ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib”, - deyə məhkəmə hakimi qərarı elan edib.
Bundan əvvəl tərəflər arasında gedən debat zamanı prokuror məhkəmədən Juravelin ümumi rejimli koloniyada 3,6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin müdafiə tərəfi hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.
Müttəhim Nikita Juravel isə ona verilən cəzanı layiqli hesab edib. Belə ki, cəzaya layiq olub-olmaması ilə bağlı suala cavab verərkən, o, “Düşünürəm ki, bəli” - deyə cavab verib. Həmçinin, Juravel etdiyi hərəkətə görə üzr istəyib.
Qeyd edək ki, Nikita Juravel Rusiya Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunub: ibadət və dini mərasimlər üçün nəzərdə tutulmuş yerlərdə törədilən dindarların hisslərini təhqir etmək və bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq, dini nifrət zəminində xuliqanlıq.
Xatırladaq ki, Nikita Juravel 2023-cü ilin mayında Volqoqradda məscidin qarşısında Quranı yandırdığına görə saxlanılıb. Cinayət işi istintaq üçün Rusiya İstintaq Komitəsinin Çeçenistan Respublikası üzrə İstintaq İdarəsinə verilib. Daha sonra o, Qroznı istintaq təcridxanasına aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top