İşdəki rolunuzla evdəki rolunuzu səhv salmayın!


Hər insanın həyatda bir neçə rolu var. Təbii ki, rollar ayrı olduğu kimi, bu rolların xarakterləri də ayrıdır. Yəni, eyni bir insan (burada söhbət konkret olaraq atalardan gedir) işdə sərt olduğu halda, uşaqlarının yanında yumşaq ola bilər. Ancaq bu rolların səhv salınmaması həm o insanların özləri, həm də ailələri üçün təhlükəlidir. Bəs işdəki rolunuzla evdəki rolunuz arasında nə fərq var?
Təbii ki, ata təkcə uşağının maddi tələbatlarını ödəmək üçün məsuliyyət daşımır. Başqa sözlə, onun uşağının maddi tələbatlarını ödəməsi nə qədər vacibdirsə, mənəvi tələbatlarını ödəməsi də bir o qədər vacibdir. Əlbəttə ki, uşağın bəzi maddi tələbatlarını ödəmək üçün atasının iş həyatındakı roluna ehtiyacı var. Ancaq heç bir maddi ehtiyacı olmayan, ancaq bütün mənəvi ehtiyaclardan məhrum olan uşaqlar da az deyil. Çünki belə uşaqların ataları işdən evə gələndə onlarla “vaxt itirməmək” üçün həmişə eyni bəhanələri irəli sürürlər: “Yorğunam, səninlə oynaya bilmərəm”, “Halsızam, səninlə bir az sonra danışarıq” və s. kimi. Əlbəttə ki, bütün bu deyilənlər doğru ola bilər. Ancaq bunlar hamısı iş həyatına aid şeylərdir. Ona görə də, bir uşaq üçün bu bəhanələrə məna vermək çox çətindir. Halbuki hər bir ata (təbii ki, kim olmasından asılı olmayaraq) evə ayaq basdığı vaxtdan atadır. Ona görə də, uşağı şablon münasibətlərlə razı salmaq qeyri-mümkündür. Belə olduqda uşağın ailəsi üçün heç bir qiyməti olmadığını düşünməsi və ən başlıcası uşaqda özünəinam probleminin formalaşması da təbiidir.
Digər tərəfdən, iş yerinizdəki rolunuzla bağlı (məsələn, müdir kimi) davranışlarınızda sərtlik ola bilər. Ancaq evə gələndə də bu rolunuzu davam etdirirsinizsə, bu sizin evdəki rolunuzu yaxşı oynaya bilmədiyinizi göstərir. Çünki siz işdəkilər üçün müdir olsanız da, evdəkilər üçün müdir deyilsiniz. Ona görə də, işdə müdir rolunuzu nə qədər uğurla oynayırsınızsa, evdə də ata rolunuzu o qədər uğurla oynamalısınız. Buna görə də, əziz atalar, işdəki rolunuzla evdəki rolunuzu səhv salmayın. Beləliklə, həm özünüz sevinin, həm də uşaqlarınızı sevindirin.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top