Səbir + Təcrübə = İnkişaf


Əslində yuxarıda gördüyümüz bu düsturdan həyatımızın bütün mərhələlərində istifadə edə bilərik. Ancaq bu yazımızda yalnız valideynlik rolundan və bu düs-turun valideynlik roluna təsirindən bəhs etməyə çalışacağıq. Məlum olduğu kimi, valideynlər uşaqları ilə yaşadıqları bir sıra problemləri həll etmək üçün müxtəlif üsulları sınaqdan çıxarırlar. Bu üsulları seçərkən ya bir mütəxəssisin rəyinə, ya bir seminarda eşitdikləri fikirlərə, ya da əgər belə demək mümkünsə, nəsildən-nəsilə keçən təcrübələrə əsaslanırlar. Ancaq istifadə edilən bu üsul nə olursa-olsun, qısa bir vaxtda nəticə verməyə də bilər. Valideynlərin bu məsələdə yol verdikləri ən böyük səhv seçdikləri bu üsula sehrli dəyənək gözü ilə baxmaları və hər şeyin bir göz qırpımında baş verməsini gözləmələridir. Məsələn, uşağına dediyini qəbul etdirmək üçün zor tətbiq edən bir ana bunun səhv olduğunu öyrəndikdən sonra onunla dil tapmaq üçün söhbət yolunu seçə bələr. Ancaq unutmayaq ki, uşaq da illər boyu tanıdığı anasının bir-iki gün ərzində dəyişəcəyinə və ya anasının bu məsələdə səmimi olduğuna inanmaya bilər. Uşaq ancaq valideyninin səhv hərəkətinin dəyişdiyini gördükdən sonra ona inana və o da öz növbəsində ondan tələb edilən hərəkəti yerinə yetirə bilər. Təbii ki, burada bir valideyn kimi sizin üzərinizə düşən ən böyük vəzifə doğru olduğuna inandığınız bu üsulu bəlkə 10 gün, bəlkə 10 ay və bəlkə də bir neçə il fasiləsiz və səbirlə tətbiq etməkdir. Elə isə düsturumuzu bir daha təkrarlayaq: Səbir + Təcrübə = İnkişaf. Unutmayın, geri addım atmaq olmaz.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top