Uşağınızın dostlarını tənqid etməyin!


Uşaqlar üçün ən həlledici dövrlərdən biri də yeniyetməlik dövrüdür. Bu dövrdə uşaqlarda fizioloji dəyişikliklərlə yanaşı, psixoloji dəyişikliklər də baş verir. Bu dövrə xas olan əsas xüsusiyyətlərdən biri də (bəlkə də, birincisi) təkcə valideyin-lərin bu dövrü anlamaqda çətinlik çəkmələri yox, uşaqların da bu dövrü anla-maqda çətinlik çəkmələridir. Ona görə də, yeniyetməlik dövründə olan uşaqların hərəkətlərində qərəz axtarmaq doğru deyil.
Bu dövrə xas olan başqa mühüm bir xüsusiyyət isə yeniyetmə uşaq üçün dostun ön plana çıxmasıdır. Çünki əgər yeniyetməlik dövrünə qədər uşaq üçün ön planda ailə və müəllimdirsə, yeniyetməlik dövründə uşaq üçün ön planda dostdur. Digər tərəfdən, uşaq dostlarının onu daha yaxşı başa düşdüyünü düşünür. Həmçinin, o, dostlarının yanında ailəsi ilə müqayisədə özünü daha rahat hiss edir. Çünki ailədən fərqli olaraq onların yanında heç bir avtoritetdən söhbət getmir. Buna görə də o, dostlarının yaşadığı sevinci öz sevinci, dostlarının yaşadığı kədəri isə öz kədəri kimi qəbul edir.
Bu baxımdan, onun dostlarına qarşı istiqamətləndirilən tənqidləri qəbul etməməsi də təbiidir. Hətta, onun valideynlərini haqsız hesab etməsini və ya dostlarını valideynlərindən üstün tutmasını da təbii qəbul etməlisiniz. Buna görə də, əgər uşağınızın dostlarının onun tərbiyəsinə mənfi təsir göstərdiyinə inanırsınızsa, ona alternativlər (alternativ mühitlər, alternativ dostlar və s.) təqdim edə bilərsiniz. Və ya qarşılıqlı söhbətlərinizdə sizi narahat edən məsələlərdən bəhs edə bilərsiniz. Unutmayın, nə olursa-olsun, tənqid yolunu seçməməlisiniz.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top