Trampı növbəti dəfə Nobelə namizəd göstərdilər


ABŞ-nin keçmiş prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerikanın “Fox News” telekanalı məlumat yayıb.
Trampın Nobel mükafatına namizədliyinin təşəbbüskarı Nyu-York ştatından olan konqres üzvü, respublikaçı Klaudiya Tenni olub.
O hesab edir ki, Trampın belə bir mükafat alması üçün səbəb İsraillə bir sıra ərəb dövlətləri arasında münasibətlərin normallaşması üçün əsas olan “İbrahim Sazişləri”nin imzalanmasına kömək etməsidir.
Tenninin sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti bu sahədə misli görünməmiş səylər göstərib və bu səylər hələ də Nobel Komitəsi tərəfindən layiqincə qiymətləndirilməyib.
“Onilliklər ərzində bürokratlar, xarici siyasət sahəsində peşəkarlar, beynəlxalq təşkilatlar İsrail-Fələstin münaqişəsi həll edilmədən Yaxın Şərqdə əlavə sülh sazişlərinin əldə edilməsinin mümkünsüzlüyündə təkid edirdilər. Ancaq prezident Tramp bunun belə olmadığını sübut etdi”. – Tenni bildirib.
“Fox News” xatırladıb ki, Tramp “İbrahim Sazişləri”nin imzalanmasında iştirakına görə artıq bir neçə dəfə Nobel Sülh Mükafatına namizəd göstərilib. Amma keçmiş prezident heç vaxt buna nail ola bilməyib.
Qeyd edək ki, ənənəyə görə, mükafata namizədlər yanvarın 31-dək irəli sürülə bilər. Namizədlik hüququ daha sonra yalnız komitə üzvləri tərəfindən saxlanılır və onlar bu hüquqlardan adətən fevral ayındakı ilk iclaslarında istifadə edə bilərlər.
Namizədlərin tam siyahısı ciddi şəkildə məxfi saxlanılır və yalnız mükafatlar verildikdən 50 il sonra ictimaiyyətə açıqlana bilər. Buna baxmayaraq, hər il müəyyən namizədlərin irəli sürülməsi ilə bağlı mətbuata namizədlik hüququ olan təşkilatlardan və ya şəxslərdən məlumatlar daxil olur. Onların arasında Norveç Nobel Komitəsinin keçmiş və indiki üzvləri və onun məsləhətçiləri, əvvəlki Sülh Mükafatı laureatları, milli parlamentlərin üzvləri, tarix, fəlsəfə, hüquq və ya ilahiyyat üzrə ixtisaslaşmış universitet professorları var.
Xatırladaq ki, 2020-ci ilin sentyabrında Vaşinqtonda İsrail tərəfi BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədlər imzalayıb. Üçtərəfli sövdələşmə Qərbdə “İbrahim Sazişləri” adlandırılıb.
Əvvəllər İsrail ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə əlaqələr qurmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top