Onların sizə ehtiyacı var!


Uşaqların maddi ehtiyaclarının ödənilməsi nə qədər vacibdirsə, mənəvi ehtiyaclarının ödənilməsi də bir o qədər vacibdir. Onların mənəvi ehtiyaclarının ödəniləcəyi yeganə yer isə təbii ki, bir-birinə qiymət verən insanlardan ibarət olan ailədir. Boşanan ailələrdə isə uşaqlar dilemma qarşısında qalır və təbii olaraq, qeyri-sağlam hərəkətlər nümayiş etdirirlər.
Uşaqlar bu hərəkətlərə bəzən diqqəti cəlb etmək, bəzən də “intiqam almaq” üçün yol verirlər. Ona görə də, belə uşaqlarda aqressivlik və qapalılıq, həmçinin, oğurluq və yalançılıq kimi hərəkətlər müşahidə olunur.
Ancaq ailə münaqişələrinin mütəmadi olaraq davam etdiyi ailələrdə bu proses uşaqlara boşanma prosesindən daha çox mənfi təsir göstərir. Ona görə də, belə hallarda tərəflər qarşılıqlı anlaşmaya getməli, hətta lazım gəlsə, psixoloji dəstək almalıdırlar.
Boşanma ilə nəticələnən evliliklərdə isə baş verən proseslər yaşından və cinsindən asılı olaraq uşaqlara müxtəlif cür təsir göstərir. Xüsusilə də, etik qaydaların oturmağa başladığı 6-7 yaşlar uşaqlarda son dərəcə kritik yaşlardır. Əgər belə hallarda uşaqda aqressivlik və qapalılıq müşahidə olunursa və ya oğurluq və yalançılıq qeydə alınırsa, deməli o, birmənalı şəkildə diqqəti cəlb etməyə çalışır. Bu, eyni zamanda o uşağın diqqətə ehtiyacı olduğunu göstərir. Ona görə də, belə uşaqlar boş buraxılmamalı, onlara yaxından diqqət göstərilməlidir.
Ancaq bu diqqət heç vaxt “yazıqlıq hissi” ilə müşayiət olunmamalı, həmçinin, uşağı ərköyünləşdirməsinə yol verilməməlidir. Digər tərəfdən, bu məsələdə uşağın boşanmadan sonra kimin himayəsi altında olması da çox vacibdir. Çünki analarının himayəsi altında olan oğlan uşaqları ata modelindən məhrum olduqları üçün müəyyən problemlər yaşayırlar. Eyni şəkildə atalarının himayəsi altında olan qız uşaqları da ana modelindən məhrum olduqları üçün bu problemlərdən kənarda qalmırlar.
Buna görə də, əgər oğlan uşaqları analarının himayəsi altındadırlarsa, ataları, qız uşaqları atalarının himayəsi altındadırlarsa, anaları ilə vaxt keçirməyə ehtiyacları var. Belə ki, bu uşaqlar istədikləri vaxt atalarını və analarını görməli, əgər bunun qarşısını alan hər hansı bir maneə varsa (ki olmamalıdır), oğlanlar əmi, dayı, baba və s. kimi ata modelinə, qızlar isə xala, bibi, nənə və s. kimi ana modelinə yaxın bir ailə üzvü ilə ünsiyyətdə olmalıdırlar.
Digər tərəfdən, ata-anası ayrı olan uşaqlar üçün xarakterik olan xüsusiyyətlərdən biri də onların ayrılığını unutmaq üçün öz aləmlərində bir xəyal dünyası qurmaları və bir növ bu dünyada xoşbəxt olmağa çalışmalarıdır. Üstəlik, belə uşaqların istər həyətdə, istərsə də məktəbdə bu ayrılığı gizləmələri və sanki belə bir şey yox imiş kimi hərəkət etmələri də təbiidir.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top