
Əgər uşağınızın dostu yoxdursa, bunun müxtəlif səbəbləri ola bilər. Buna görə də, valideyn ilk növbədə bu səbəbi düzgün müəyyən etməli və lazım olan tədbirləri həyata keçirməlidir. Əks halda, uşağınızın dostsuz keçirdiyi hər saat onun asosial yetişməsinə səbəb ola bilər.
Digər tərəfdən, bu cür uşaqlar özlərinə necə dost seçəcəklərini də bilməyə bilərlər. Həmçinin, yeni mühitə daxil olmaq və ya yeni mühitdəki insanlarla ünsiyyət qurmaq da bu cür uşaqlar üçün problem ola bilər. Buna görə də, uşaq özünə dost seçməkdə çətinlik çəkə bilər. Belə hallarda valideyn həyatındakı bəzi təcrübələri uşağı ilə bölüşməli və təkid etməmək şərti ilə onu yeni mühitə daxil olmaq üçün həvəsləndirməlidir.
Bundan başqa, özünəinamsızlıq problemi də uşaqların dost tapmasına mane olan əsas problemlərdən biridir. Bu uşaqlar hətta çox istəsələr belə, yeni mühitdə qəbul edilməməkdən qorxur və beləliklə, həmişə “oyundan kənarda” qalırlar. Buna görə də, ilk növbədə, uşağınızda mövcud olan özünəinamsızlıq probleminin səbəbini müəyyən etməli və bu problemi həll etmək üçün tədbirlər həyata keçirməlisiniz. Əgər uşaq bu problemini həll edə bilərsə, onda onun dost tapması üçün də heç bir problemi qalmaz.
Digər tərəfdən, uşaq yaşadığı mühitdə ciddi problemlərlə qarşılaşdığı üçün də dost tapmaqda çətinlik çəkə bilər. Buna görə də, uşağınızın yaşadığı mühit araşdırılmalı və onun dost tapmasına mane olan bir səbəb varsa, müəyyən olunmalıdır. Məsələn, məktəbdə dostu olmayan uşağın dost tapa bilməməsinə səbəb ona qoyulan hər hansı bir pis ad və ya ləqəb ola bilər.
Buna görə də, uşağa mane olan bu səbəblər müəyyən olunmalı və aradan qaldırılmalıdır. Uşağın dost tapa bilməməsinə mane olan səbəblərdən biri də ailə ola bilər. Belə ki, ailə də uşağın yeni mühitə daxil olmasına müdaxilə edərək (təbii ki, ilk növbədə uşaqlarını qorumaq məqsədi ilə) onun dost tapmasına mane ola bilər. Beləliklə, bu uşaqlar gələcəkdə də yeni mühitə daxil olmaqda çətinlik çəkə və yeni insanlarla tanış olmaqdan narahat ola bilərlər. Bu da onların həm dost tapmalarına, həm də sosiallaşmalarına mane ola bilər.
Bəzən də uşaqlar ətraflarındakı uşaqları özlərinə uyğun hesab etmədikləri üçün dost tapmaqda çətinlik çəkirlər. Adətən, belə uşaqlara müdaxilə etmək olmaz. Hətta belə uşaqları problemli uşaqlar siyahısına da daxil etmək də doğru deyil.
Aygün Vəliyeva