Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Robert Prosineçkinin baş məşqçisi olduğu komanda Belfast şəhərində Şimali İrlandiya yığmasının qonağı olacaq. Matç Bakı vaxtilə saat 23:45-də başlayacaq. Millimiz ilk 3 oyundan sonra 7 xalla qrupda 2-ci yerdə gedir. Şimali İrlandiya yığması isə 4 xalla Azərbaycan millisinin ən yaxın izləyicisidir. Rəqib qalib gələrsə, xallar bərabərləşəcək, Azərbaycan qələbə qazanarsa, xal fərqi 6-dək artmış olacaq. Heç-heçə isə 3 xallıq fərqi saxlayacaq. Yığmamız Şimali İrlandiya ilə bunadək 4 dəfə görüşüb. Həmin matçlar da dünya çempionatının seçmə mərhələ oyunlarına təsadüf edib. Keçirilən 4 oyunda hər yığma 1 dəfə qalib gəlib, qalan 2 matç isə bərabərliklə nəticələnib.
Dünya çempionatı, Təsnifat mərhələsi, "C" qrupu
11 noyabr
23:45. Şimali İrlandiya - Azərbaycan
Baş hakim: Klemen Turpin
Yan xətt hakimləri: Nikolas Danos, Kiril Qrinqore
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Belfast. "Windsor Park" stadionu
Report