Beynəlxalq axtarışa verilmiş 4 şəxsin Rusiyadan Azərbaycana ekstradisiyası təmin edilib.
Yeniavaz.com Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının 4 vətəndaşı - Həbib Kaltayev, Məhərrəm Miriyev, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin ekstradisiyaları haqqında vəsatətlər Rusiya tərəfindən təmin edilib.
Bildirilib ki, Həbib Kaltayevin dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə, eləcə də bu məqsədlə keçirilən döyüş təlimlərində iştirak etmə, Məhərrəm Miriyevin xuliqanlıq, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa verliblər.
Yuxarıda adları göstərilən şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq 30.10.2023-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.