Vaqif Xaçaturyanın məhkəməsində zərərçəkənlər ifadə verdi – Yenilənib


Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Təmraz Məmmədov bildirib ki, Əsgəranda ermənilərin qətlə yetirdiyi sakinlərin meyitlərini yığıblar:
“Orada bir qadını yandırmışdılar. Dedilər ki, Vaqif yandırıb. Mən Vaqifi hadisələr zamanı görmüşdüm. Ondan qabaq da Meşəlidə döyüşlər zamanı adını eşitmişdim. Laçın postunda saxlanılanda tanıdım, dedim ki, bu, Vaqifdir”.
Zərərçəkən İbrahim Nurməmmədov isə deyib ki, Meşəli hadisələrində atılan ilk güllə atasına dəyib:
“Atam, bibilərim, qayınatam, qayınanam, iki baldızımı, qaynımı öldürdülər. Ümumilikdə 9 ailə üzvüm şəhid olub. Hadisə günü şəhidləri, yaralıları ərazidən “Zil”markalı avtomobillə çıxarmışam. Bu Vaqifi çox yaxşı tanıyıram, bu da sürücü olub. Sürücülər bir-birini çox yaxşı tanıyırlar. Buna ömürlük cəza tələb edirəm”.
Məhkəmə prosesi oktyabrın 18-də davam etdiriləcək.

***13:58
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin istintaqa verdiyi ifadə elan edilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Vaqif Xaçaturyan istintaqa verdiyi ifadəsində bildirib ki, 1955-ci ildə Əsgəran rayonunun Badara kəndində anadan olub. Həmin kənddə qeydiyyatda olmaqla yaşayıb, evlidir və üç qız övladı var.
Vaqif Xaçaturyan 1973-cü ildə üç aylıq hərbi avtomobil məktəbini bitirdiyini deyib. O, 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub, sonra isə Xankəndi şəhərində aqrar-sənaye idarəsində sürücü işləməyə başlayıb. 1992-ci ilin sentyabr ayında Robert Koçaryan Qarabağ Komitəsinin rəhbəri olduqdan sonra, 50-55 yaşına qədər ermənilərin özünümüdafiə adı altında Stepanakert şəhər hərbi komissarlığından səfərbərliklə xidmətə çağırılıb.
Bununla əlaqədar Vaqif Xaçaturyan 100-ə yaxın Badara kənd sakini ilə birlikdə hərbi komissarlığa gedib qeydiyyata düşüb və kəndə qayıtdıqdan sonra, hərbi xidmətə çağırılanlar hər qrupda 33 nəfər olmaqla, üç qrupa bölünüblər. Daha sonra isə o, hərbi komissarlığın hərbçiləri tərəfindən Əsgəran rayonunun Noragüh kəndinə aparılıb.
Orada onlara 5-10 gün müddətində silah doldurub boşaltmaq, həfəfə nişan alıb atəş açmaq və digər təlim məşqləri keçirilib. Təlimdən sonra isə 1992-ci ilin sentyabr ayının ortalarında Vaqif Xaçaturyanın olduğu qrup Fərrux dağının yüksəkliyinə aparılıb oradakı postda xidmət aparmaları tapşırılıb. O, 7 gündən bir həmin posta çıxıb 7 gün xidmət apardığını bildirib.
V. Xaçaturyan deyib ki, xidmətdə olduğu müddətdə Fərrux dağı ətrafında azərbaycanlılarla döyüş olmayıb, və o, həmin döyüşlərdə iştirak etməyib.
Bildirib ki, postda xidmət aparan zaman böyrəkləri və bağırsaqları soyuqladığına görə, 1992-ci ilin oktyabr ayının əvvəllərində Stepanakert şəhər xəstəxanasına gətirilib və orada təxminən 20 gün müalicə olunub. Sonra xəstəliyi ilə bağlı xidmətdən tərxis olunub. Mülki şəxs kimi arxa təminat xidmətində, Əsgəran rayonunun Noragüh kəndində yerləşən ərzaq anbarında fəhlə kimi işləməyə başlayıb.
1994-cü ilin iyun ayında müharibə qurtardıqdan sonra Vaqif Xaçaturyan həmin işdən çıxıb və Badara kəndində təsərrüfatı ilə məşğul olmağa başlayıb.
Təqsiləndirilən şəxs məhkəmədə Fərrux dağında postda xidmət etdiyi təsdiq edib: "Biz o vaxt özümüzü azərbaycanılardan müdafiə etmək üçün orada postda xidmət edirdik. Hərbi Komisarlıq tərəfindən bizə silah verilmişdi".

Daha sonra məhkəmədə zərərçəkənlər ifadə verib.
Zərərçəkənlərdən biri Nemət Rəcəbov deyib ki, Meşəlidə polis əməkdaşı olub: “Bizim kəndi birinci “Alazan”la vurdular. İnanmazdıq Badara kəndindən bizə hücum eləsinlər. Bunlar ömür boyu Meşəli kəndinin camaatının çörəyini yeyiblər. Yedikləri çörəyə dəyər vermədilər. Ağsaqqallar belə qərar verdi ki, ilk olaraq qadın, qoca, uşaqları kənddən çıxarmaq lazımdır. Bunlar kəndin güneyini tutdular, amma qüzey tərəfindən biz qadın və uşaqların bir qismini çıxarmağa nail olduq. Kolxoz binasını da vurdular. Biz orda müqavimət göstərəməyə çalışdıq. Kənddən 28 nəfəri öldürdülər, meyitlərinə işgəncə verdilər. Yaralı halda qonşu kəndə çıxdıq. Oradan bizi helikopterlə Ağdamın xəstəxanasına gətirdilər".
O, Vaqif Xaçaturyanın bu proseslərdə iştirakçı olduğunu bildirib: “Vaqif kəndə hücuma rəhbərlik edənlərdən olub. Ona ən ağır cəza tələb edirəm”.
Prosesdə 14:30-a qədər fasilə elan edilib.

***10:43
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçaturyan vəkili Natiq Bəybalayevdən imtina edib.
Ona dövlət hesabına Radmila Abdullova yeni vəkil kimi dəvət edilib.
Vaqif Xaçaturyan yeni vəkilinin hüququ yardımından istifadə edəcək.

***09:12
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.
Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.
Bu gün prosesdə məhkəmə istintaqın açıq elan olunacağı və prokurorun ittiham aktının elan edəcəyi gözlənilir.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

DİGƏR XƏBƏRLƏR

Top