HƏMAS nə deməkdir, necə yaranıb? – Qısa tarixi


HƏMAS hərəkatı 1987-ci il dekabrın 17-də Şeyx Əhməd Yasin tərəfindən "Müsəlman Qardaşlar" təşkilatının tərkibində yaradıldı. HƏMAS sözü təşkilatın ərəbcə "Hərəkat əl-Müqavəmə əl-İslamiyyə" adının (İslami Müqavimət Hərəkatı deməkdir) abreviaturasından meydana gəlir. HƏMAS-ın ideologiyası 1988-ci ilin avqustunda qəbul edilmiş İslam Xartiyasına əsaslanır. O, İsrailin mövcud olmaq hüququnu tanımır və 1948-ci ildə İsrailin yaranmasından əvvəl onun işğal etdiyi bütün ərazilərdə Fələstin dövləti yaratmağı qarşısına məqsəd qoyur.
HƏMAS siyasi partiyası isə 1988-ci ilin avqustunda yaradılıb.
1989-cu ilin mayında İsrail polisi Şeyx Yasin də daxil olmaqla 250 HƏMAS üzvünü qətldə və üsyana təhrik etməkdə şübhəli bilərək həbs etdi. 1991-ci ilin oktyabrında Yasin ömürlük həbs cəzasına məhkum edildi. 1997-ci ildə İsrail kəşfiyyat xidmətləri İordaniyada Xalid Məşələ qarşı sui-qəsd təşkil etməyə cəhd etdi. Sui-qəsd cəhdi uğursuz oldu və həbs edilən iki israilli agent Yasinin azadlığa buraxılması müqabilində sərbəst buraxıldı.
1994-cü ildə Fələstin Muxtariyyətinin yaradılmasından sonra HƏMAS Fələstin Qanunvericilik Şurasına ilk seçkiləri boykot etdi (1996-cı il). Yalnız 2004-cü ildə Yasir Ərəfatın ölümündən sonra hərəkat muxtariyyətin siyasi həyatında fəal iştirak etməyə başladı. Buna səbəb Ərəfatın ölümündən sonra Fəth Partiyasının öz mövqelərini sürətlə itirməyə başlaması, HƏMAS-ın isə əksinə, fələstinlilər arasında nüfuz qazanması idi. 2005-ci ilin yanvarında hərəkat bələdiyyə seçkilərində böyük qələbə qazandı və nəticədə, Qəzza kimi şəhərlərdə çoxlu yerlər əldə etdi. HƏMAS və İsraildə terrorçu hesab edilən digər təşkilatlar on inzibati şurada 118 yerdən 91 yer qazandı. Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbasın rəhbərlik etdiyi Fəth hərəkatı isə cəmi 28 yerlə kifayətləndi.
2005-ci ilin sentyabrında İsrail Qəzza zolağından bütün yaşayış məntəqələrini boşaltmaqla yanaşı, bütün qoşunlarını çıxartdı. Bu isə 2007-ci ildə HƏMAS yaraqlılarının Qəzza zolağında hakimiyyəti ələ keçirməsinə zəmin yaratdı. İsrail isə buna cavab olaraq Qəzza zolağını iqtisadi blokadaya aldı.
HƏMAS hərəkatı siyasi və hərbi qanaddan ibarətdir.
Siyasi qanadın rəhbəri 1996-cı ildən HƏMAS Siyasi Bürosunun sədri Xalid Məşəldir (2012-ci ilə qədər Suriyada, hazırda Qətərdə yaşayır). Qəzza zolağında HƏMAS-ın siyasi liderləri Mahmud əl-Zəhar (2006-2007-ci illərdə Həmas hökumətində keçmiş xarici işlər naziri) və İsmayıl Həniyyədir (Həmas hökumətində keçmiş baş nazir). Qəzza zolağında 100 min və daha çox insan özünü HƏMAS-ın üzvü hesab edir.
1992-ci ildə HƏMAS-ın hərbi qanadı yaradıldı. Hərbi qanad əsasən Fələstin Ərəb milli hərəkatı liderinin adını daşıyan İzzəddin əl-Qəssam Briqadalarından ibarətdir. Liderləri Məhəmməd əd-Deif və Mərvan İsadır.
Hərbi qanadın sayı medianın məlumatına görə, təxminən 10-12 min nəfərdir. Briqadaların əsasını İran və Suriyada hərbi təlim keçmiş bir neçə yüz döyüşçü təşkil edir. 2007-ci ildə Qəzza zolağının blokadası elan edildikdən sonra HƏMAS rəhbərliyi anklav daxilində hər il 600 döyüşçü olmaqla hərbi təlim keçirməyə başladı.
HƏMAS-ın təhlükəsizlik qüvvələrinə isə sayı 10 min nəfərə çatan və polis funksiyasını yerinə yetirən “İcraedici Qüvvələr” daxildir.
İlk intifadanın qızğın çağında, 1989-cu il fevralın 18-də HƏMAS ilk hərbi əməliyyatını - İsrail əsgərinin qaçırılaraq öldürülməsi ilə həyata keçirdi. Buna cavab olaraq İsrail hərəkatın silahlı qanadını qadağan etdi, Şeyx Yasin həbs olundu və ömürlük həbs cəzasına məhkum edildi. 1994-cü ildə atəşkəsdən əvvəl Həmas on İsrail əsgərini öldürdü və əməkdaşlıqda şübhəli bilinən mülki yəhudi və fələstinlilərə qarşı bir sıra hücumlar həyata keçirdi.
Daha sonra HƏMAS bombalardan istifadə etməyə başladı və 1994-1996-cı illər arasında səkkiz partlayışla 95 ölümə səbəb oldu.
1996-cı ildə HƏMAS-ın o dövrkü lideri Musa Əbu Mərzuk İsrailin Yəhudeya, Samariya, Qəzza zolağı və Şərqi Qüdsdən çıxması müqabilində hücumları dayandırmağı təklif etdi. 2000-ci ilin oktyabrında ikinci intifadanın başlaması ilə Həmas terror fəaliyyətini gücləndirdi və kamikadzelərdən istifadə etməyə başladı. 2002-ci il martın 30-da HƏMAS tarixinin ən bədnam terror aktlarından biri həyata keçirildi - Hayfada restoranda baş verən partlayış 35 nəfərin həyatına son qoydu. Ümumilikdə, təşkilat fəaliyyəti dövründə 1100-dən çox terror aktı həyata keçirdi.
HƏMAS İsrail, Kanada, ABŞ, Yaponiya, Avropa İttifaqı, Amerika Dövlətləri Təşkilatı və bir sıra digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınır. İordaniya və Misirdə də qadağandır. Avstraliya və Böyük Britaniyada yalnız HƏMAS-ın hərbi qanadı terrorçu kimi tanınır. HƏMAS-ı terror təşkilatı kimi tanımayan ölkələr isə Rusiya, Norveç, Çin, Qətər, İslam Əməkdaşlıq Təşkilatı kimi ölkələrdir.  
Britaniyanın “The Telegraph” qəzetinin yazdığına görə, 2011-ci ilin sonuna kimi HƏMAS-ın əsas sponsoru İran idi və o, hərəkata ayda təxminən 22 milyon dollar köçürürdü. İranın Bəşər Əsəd hökumətinin, HƏMAS-ın isə yaraqlıların tərəfinə keçdiyi Suriyada vətəndaş müharibəsindən sonra bu yardım praktiki olaraq dayandırıldı. Bundan əlavə, hərəkat Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin xüsusi sponsorları, eləcə də Avropa və ABŞ-da yaşayan fələstinlilər tərəfindən maliyyələşdirilir.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumu ilə başladı. HƏMAS bu hücumun İsrail hakimiyyətinin Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab olduğunu izah etdi. İsrail isə müharibəyə hazır vəziyyətə keçdiyini və Qəzza zolağını tam blokadaya aldığını elan etdi.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top