
“Ermənistan hökumət rəsmilərinin, xüsusilə yüksək səviyyəli rəsmilərin ritorikasına baxsanız, bu gün onlar bizi heç etmədiyimiz məsələlərdə ittiham edirlər”.
Yeniavaz.com xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edərkən deyib.
“Ermənistanın hazırkı rəhbəri 2019-cu ildə Xankəndidə tribunadan bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu da bizim qırmızı xəttimiz idi. Ona qədər heç kəs belə bir ifadə işlətməmişdi. Bu da təbii ki, atəşkəsin pozulması idi: yəni, əhəmiyyətsiz, mənasız danışıqlara nə ehtiyac var? Ermənistanın rəhbəri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bir hissəsinin Ermənistana məxsus olduğunu rəsmi şəkildə deyirsə, burada hansı danışıqlardan söhbət gedə bilər? Buna baxmayaraq, biz yenə də hesab edirdik ki, bəlkə bu, siyasi yanlışlıqdır. Lakin bundan sonra Ermənistanın müdafiə naziri bəyan etdi ki, Ermənistan bizimlə yeni ərazilər uğrunda yeni müharibəyə hazırdır. Yəni, onlar bizi yeni işğalla hədələyirdilər. Belə çıxır ki, bizim ərazimizin 20 faizinin işğalı onlara kifayət etmirdi. Onların planı var idi ki, Bakıya çatsınlar, hətta Xəzər dənizində çimsinlər. Onların planlarında tanklarla Bakıya gəlmək var idi. Ancaq Ermənistana məxsus tanklar bu gün bizim Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Bir çox yanlışlıqlar, yanlış hesablamalar, bizim potensialımızı, qüvvəmizi və gücümüzü nəzərə almamaq – bu, region üçün ciddi bir fəlakətə səbəb oldu.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hətta yenə də şans var idi. Ancaq onlar Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalı idilər. Onlar ziddiyyətli bəyanatlara son qoymalı idilər. Bir tərəfdən deyirdilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Digər tərəfdən isə sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərmişdi. Yəni, bu, necə mümkün ola bilər? Bu o demək idi ki, utancverici məğlubiyyətdən üç il sonra, öz məlumatlarına görə, 12 min fərarisi olan, bizim ərazilərimizdən sprinter kimi qaçan həmin Ermənistan bizə qarşı yeni ərazi iddiası irəli sürür.
Bu, artıq qırmızı xəttin növbəti dəfə pozulması idi. 9 sentyabr tarixində artıq bu, neçənci qırmızı xəttimiz idi. Qondarma Dağlıq Qarabağın qondarma “parlament”i 22 nəfərin səsi ilə “Dağlıq Qarabağ rejimi”nin “prezidenti”ni seçdi və həmin o “prezident” öz çıxışında qeyd etdi ki, biz status uğrunda mübarizə aparacağıq. Yəni, bu nə deməkdir və biz buna necə cavab verməliyik?! Biz buna necə dözə bilərdik? Əlbəttə, biz buna dözə bilməzdik. On gün bundan əvvəl baş verən hadisələrin səbəbi Ermənistan baş nazirinin məsuliyyətsiz siyasəti və onun himayədarlıq etdiyi Qarabağdakı separatçılar idi, onların hərəkətləri idi.
Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə oldu? Biz davam etdikmi? Xeyr! Bizim belə bir niyyətimiz yox idi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.
Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışaq və uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır”, - İlham Əliyev bildirib.