Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri və bu səfərlərdə dövlət vəsaitinin mümkün mənimsənilməsi ilə bağlı başlanmış cinayət işinə xitam verilib.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluq tərəfindən başlanmış cinayət işinə xitam verilməsinə səbəb araşdırılan materiallarda cinayət tərkibinin aşkarlanmaması olub.
Xatırladaq ki, məsələ ilə bağlı cinayət işi 2021-ci ilin oktyabrında başlayıb. Belə ki, cinayət işinin başlamasına səbəb 2021-ci il sentyabrın 15-də “Faktların Araşdırılması Platforması”nın üçüncü prezident Serj Sarkisyanın 10 illik hakimiyyətdə olduğu dövrdə (2008-2018-ci illər nəzərdə tutulur) hər il hökumət təyyarəsi ilə Almaniyanın Baden-Baden şəhərinə zərurət olmadan səfərlər etməsi və bu səfərləri dövlət vəsaiti hesabına həyata keçirməsi iddiası olub.