Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini tənqid etdi


Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümündə bu sənədi tənqid edib.
Yeniavaz.com erməni mediasına istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan Bəyannamənin qəbul edilməsinin ildönümü ilə bağlı mesajında bugünkü erməni dövlətçiliyinin əsasını qoyan sənədin ölkə tarixində dönüş nöqtəsi olduöunu və Qarabağ hərəkatının zirvəsində, SSRİ-də iqtisadi, siyasi və ideoloji böhran şəraitində qəbul edildiyini bildirib.
Ermənistan hökumət başçısının sözlərinə görə, o, bəyannamənin mətnini 2020-ci il müharibəsindən əvvəl və xüsusən də, ondan sonra dəfələrlə oxuyub.
"Bəyannamənin mətninin təhlili göstərir ki, biz nəticədə bizi SSRİ-nin bir hissəsinə çevirən düstur əsasında diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi qonşularımızla daim münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan bu bəyannamə ilə SSRİ-dən çıxmaq kursunu elan etsə də, eyni zamanda ondan çıxmaq üçün bütün yolları bağlayıb.
"Biz XX əsrin sonunda qəbul edilən bəyannamə ilə 20-ci əsrin əvvəllərində müstəqilliyimizi itirməyə aparan düsturu bir daha qəbul etmişik", - Paşinyan deyib.
"İndi isə Müstəqillik Bəyannaməsinin 33-cü ildönümündə vurğulamaq istəyirəm ki, bizim sülh gündəliyimiz müstəqillik gündəliyidir. Biz sülhə nail olsaq, müstəqillik də olar. Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu bizim səmamızda, regionumuzun səmasında dolaşacaq”, - deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri həmçinin onun müstəqilliyi, suverenliyi, demokratiyanı seçdiyini deyib.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top