
İyul ayı ərzində günvurma ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 45 nəfər müraciət edib. Onlardan 21-i qadın, 24-ü kişi, 38 nəfəri böyük, 7-si isə uşaq olub.
TƏBİB-dən Yeniavaz.com-a verilən məlumata görə müraciət edən böyüklərdən 9-u qadın, 7-si kişi olmaqla 16 nəfər, uşaqlardan isə 4-ü hospitalizasiya edilib.
Son 2 gün ərzində isə günvurma ilə bağlı 2 müraciət daxil olub. Onlardan biri qadın, digəri isə kişi olub. Qadın vətəndaşa yerində yardım göstərilib, kişi vətəndaş isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Leyla Paşayeva bildirib ki, günvurma günəş şüalarının bilavasitə təsiri nəticəsində, eləcə də rütubətin çox olduğu yerlərdə yaranır.
Onun sözlərinə görə, günvurma zamanı baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, qusma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə və ya temperaturun yüksəlməsi kimi əlamətlər qeyd edilir. Hətta günvurma beyin ödemi və komaya da gətirib çıxara bilər.
“Günvurmanın ilkin əlamətləri müşahidə edilən kimi zərərçəkəni sərin yerə aparmaq, soyuq su vermək, üzünü və sinəsini soyuq suda isladılmış dəsmalla silmək lazımdır. Zərərçəkənin baş-boyun nahiyəsi soyuq tənzif və parça ilə bükülməlidir” – deyə həkim qeyd edib.