Nazirlik: "Naxçıvanda qazilərdən avtomobillər geri alınmır" - Yenilənib


"Naxçıvan Muxtar Respublikasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilmiş avtomobillərin geri alınması məlumatları əsassızdır".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz sosial şəbəkə hesabından məlumat yayıb.
"Naxçıvanda ötən dövrdə verilmiş hansısa avtomobilin geri alınması nəzərdə tutulmur", - məlumatda deyilir.

***12:59, 23 iyun
Naxçıvanda əlilliyi təsdiq olunmuş bir qrup qazinin yenidən həkim komissiyasından keçirildiyi və onlar üçün nəzərdə tutulan bir sıra imtiyazların ləğv olunduğu iddia edilir. Bildirilir ki, buraya əsasən döyüşlər zamanı əlini, gözünü itirmiş, ağır yaralanmış qazilərin avtomobillə təmin olunmaları haqda verilən qərarların ləğvi də daxildir.
Yeniavaz.com xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a bir qrup qazi məlumat verib.
Onların sözlərinə görə, artıq avtomobillə təmin olunmuş bu kateqoriyadan olan qazilərə isə, avtomobilləri geri qaytarmaları ilə bağlı xəbərdarlıq olunub. İddia olunur ki, yeni qaydaya əsasən, yalnız ayağını itirmiş qazilər avtomobil almaq hüququna malikdirlər.
Qazilər bildirir ki, bununla bağlı tapşırığı Naxçıvanın yeni əmək və əhalinin sosial müdafiə nazri Ceyhun Cəlilov verib:
"Döyüşdə hər hansı əzasını itirmiş naxçıvanlı qazilərin hamısının əllillik sənədinə "Avtomobillə təmin olunmalıdır" qeydi yazılıb. Bu haqda göstərişi o vaxt Vasif Talıbov vermişdi. Hər əlamətdar gündə onların bir neçəsi növbə ilə avtomobil alırdı. Yeni nazir gələndən, bu qaydalar dəyişdirildi. İyunun 15-i qazilərin hamısını yenidən komissiyadan keçirib, bu imtiyazları ləğv etdilər. Yeni qaydaya əsasən, yalnız ayağını itirənlər avtomobillə təmin olunacaqlar. Bu kriteriyaya "cavab verməyən" qazilərin imtiyazı geri alınıb. Avtomobillə təmin olunmuş qazilərə isə xəbərdarlıq olunub ki, onlara verilən avtomobillər məhkəmə yolu ilə geri alınacaq".
Bildirilir ki, naxçıvanlı qazilər Prezident İlham Əliyevə müraciət edərək, ləğv olunan imtiyazlarının geri qaytarılmasını xahiş ediblər.
İddialarla bağlı 
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat almaq mümkün olmadı.
Qeyd edək ki, Ceyhun Cəlilov bu ilin mart ayında Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top