Bu ölkədə “Wi-Fi” və “Google”un nə olduğunu bilmirlər


Şimali Koreyanın 25 milyon əhalisi üçün internet sadəcə olaraq mövcud deyil. Bu ölkənin cəmi bir neçə min imtiyazlı vətəndaşı qlobal şəbəkəyə daxil ola bilir. Ölkənin yüksək senzuraya məruz qalan daxili şəbəkəsi belə əhalinin əksəriyyəti üçün əlçatmazdır.
Yeniavaz.com
Wired.com-a istinadən xəbər verir ki, bu ölkədə pulsuz və açıq məlumat əldə etmək mümkün deyil.
İnternet Azadlığı Təşkilatının hesabatı Şimali Koreyadan olan 24 qaçqınla müsahibə və digər 158 nəfərin sorğusuna əsaslanır. Onların hamısı 2012-2022-ci illər arasında Şimali Koreyanı tərk edib. 
Məlum olub ki, Şimali Koreya vətəndaşları internetə daxil olmaq üçün bir neçə gün davam edən təsdiq prosesindən keçməlidirlər. Nəhayət, giriş icazəsi verildikdə, müşahidəçilər istifadəçinin yanında oturur və hər beş dəqiqədən bir istifadəçinin hərəkətlərini qiymətləndirməli və təsdiq etməlidir.
Ölkədən qaçan keçmiş sakinlərdən biri təşkilatın tədqiqatçılarına “Mənə Ümumdünya Şəbəkəsi haqqında məlumat verdilər, hətta imtahan üçün bu mövzunu öyrənməli oldum, ancaq internet haqqında yalnız nəzəri biliklərim var idi”,- deyib.
Ölkənin digər keçmiş sakini Şimali Koreyada “Wi-Fi”, xüsusən də “Google” haqqında heç nə bilmədiklərini bildirib.
Təhlükəsizlik səbəbiylə əsl adı açıqlanmayan sorğu iştirakçısı Şimali Koreyada yaşayarkən 5 dəfə internetdən istifadə edib. 
Onun sözlərinə görə, yaxınlıqda həmişə dövlət mühafizəsinin əməkdaşı olub: “Nəzarətçi internetdən istifadə edən iki vətəndaş arasında oturur və onların internetdə nə axtardığını daim izləyir. İnsanlara internetdən bir saat istifadə etmək icazəsi verilir və kimsə daha çox vaxt istəsə, yeni icazə almalı olur. İnternetdən istifadə etmək üçün səlahiyyətli orqanlardan icazə almaq təxminən iki gün çəkir və bunun müxtəlif məmurlar tərəfindən təsdiqlənməsi lazım olur”.
Wired.com-un məlumatına görə, Şimali Koreyada son on ildə rəqəmsal cihazların sayı artıb və bu gün böyüklərin 50-80 faizində mətn mesajları göndərmək və ailə üzvlərinə zəng etmək üçün istifadə edə biləcəkləri mobil telefonlar var. Bu telefonların istifadəsinə də ciddi nəzarət edilir. Məlumat sürəti aşağıdır, cihazlar bir neçə dəqiqədən bir ekranın skrinşotunu çəkir və bu telefonlarda yalnız hökumət tərəfindən təsdiqlənmiş məzmuna baxmaq olur.
Ölkə rəhbərliyinə bağlı yalnız bir neçə onlarla ailə, eləcə də bəzi əcnəbilər Şimali Koreyada məhdudiyyətsiz internetə malikdirlər. Və “bir neçə min” insan, o cümlədən dövlət rəsmiləri, tədqiqatçılar və İT tələbələri internetin xüsusi, senzuradan keçmiş versiyasına daxil ola bilərlər. Bundan əlavə, bəzi xarici səyahətlərə icazə verilən bəzi elm adamları və tədqiqatçılar xaricdə olarkən bəzən World Wide Web-ə daxil ola bilərlər.
 

DİGƏR XƏBƏRLƏR

Top