"AZAL-ın nəfsi imkan versə, bu yay Türkiyəyə səfər etmək daha sərfəli olacaq"


"Seçkidən sonra lirə mütləq dəyərdən düşəcəkdi, qalib Kılıcdaroğlu olsa da düşəcəkdi, lirənin dərdi daha dərindir".
Yeniavaz.com
xəbər verir ki, bunu sosial şəbəkə hesabında iqtisadçı-ekspert Natiq Cəfərli yazıb.
Ekspert bildirib ki, iqtidarlı-müxalifətli pafosun, populizmin, vədlərin son günlərdəki ucuzlaşmada payı olsa da, əsas səbəbləri obyektiv və subyektiv olaraq ayırmaq olar:
"Obyektiv səbəblər: Türkiyənin enerjidən kəskin asılılığı, kovid oyununun 3 il (2020-22) Türkiyənin əsas gəlir mənbələrindən biri olan turizmi kəskin vurması, ixracatın artımının idxalı da artırması kimi amilləri göstərmək olar.
Subyektiv səbəblər: Erdoğanın kobud səhvləri, "Damad ekonomisi" dövrü, Mərkəzi Bankın müstəqilliyinin və subyektivliyinin əlindən alınması, Erdoğanın, "Faiz səbəb - inflyasiya nəticədir", heç bir məntiqi olmayan israrı, iqtisadi institutların zəifləməsi, məhkəmənin müstəqilliyinə kölgə düşürülməsi, populist "solvari" siyasət, dövlət xərclərinin kəskin artırılması, son 4 ildə durmadan (təqribən 1 trilyon lirə), heç nə ilə qarşılanmayan pul çap edilməsi.
Yəni, bu gün görünən son 10 ilin kobud səhvlərinin təzahürüdür.
Yaxşı, bunun manata təsiri varmı: Yoxdur, manatın öz balaca dünyası, üzdüyü kiçicik neft gölməçəsi, inzibatı qaydalarla tənzimlənən həyatı var.
Xub, bəs Azərbaycana təsiri varmı: İnhisarçı iqtisadiyyat olmasa idi, hətta pozitiv təsiri olacaqdı, Türkiyə malları kəskin ucuzlaşacaqdı. Amma bir müsbət təsiri var, o da vətəndaşlar üçün Türkiyəyə səfər etmək yayda daha sərfəli olacaq - təbii ki, AZAL-ın nəfsi imkan versə".
Qeyd edək ki, hazırda 1 Azərbaycan manatı 13,65, 1 ABŞ dolları isə 23,21 Türkiyə lirəsinə bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top