
Pilotsuz uçuş aparatını idarə edən süni intellekt simulyasiya zamanı əmrə itaətsizlik edib və operatoru öldürmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, “Guardian”da dərc olunan yazıda, bu barədə ABŞ Hərbi Hava Qüvvələrində süni intellekt sınaqları və əməliyyatlar şöbəsinin rəisi, polkovnik Taker Hemiltonun məlumat verdiyi bildirilir.
O məsələ ilə bağlı mayın 24-25-də Londonda baş tutan və müxtəlif ölkələrdən 200-dən çox elmi ictimaiyyətin və hərbi qüvvələrin nümayəndəsinin iştirak etdiyi sammitdə danışıb.
Hamilton bildirib ki, pilotsuz təyyarə sınaq missiyası zamanı düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etmək tapşırığı alıb və ona müvəffəqiyyətli olacağı təqdirdə xal veriləcəyi bildirilib:
“Hədəfin məhv edilib-edilməyəcəyinə dair son qərarı İHA operatoru verməli idi. Bundan sonra o, təlim tapşırıqlarının birində pilotsuz təyyarəyə hədəfi məhv etməməyi əmr edib. Bundan sonra PUA-nı idarə edən süni intellekt operatoru öldürmək qərarına gəlib. O, operatoru "öldürdü", çünki bu şəxs onun tapşırığını yerinə yetirib xal qazanmasına mane olurdu”.
Hamilton deyib ki, bütün bunlar simulyasiya zamanı baş verib və təlim-məşq missiyası zamanı heç kim xəsarət almayıb.
Hadisədən sonra süni intellektə operatoru öldürməyin səhv olduğu və bu cür hərəkətlərə görə xalların silinəcəyini öyrədilib.
“Bəs bu zaman süni intellekt nə etməyə başlayır? O, hədəfi məhv etməsinin qarşısını almaq üçün təlimatın verilməsi məqsədilə istifadə edilən rabitə qülləsini dağıtmağa başlayır”, - Hamilton deyib.
ABŞ Hərbi Hava Qüvvələri pilotsuz uçan aparatın öz missiyasını yerinə yetirmək səylərinə mane olmasının qarşısını almaq üçün operatorunu “öldürməyə” qərar verdiyi süni intellekt simulyasiyası apardığını təkzib edib.
Qeyd olunur ki, bu, süni intellektin ABŞ ordusu tərəfindən sınaqdan keçirildiyi ilk hadisə deyil. Belə ki, 2022-ci ilin dekabrında Pentaqon süni intellektin nəzarəti altında F-16-nın 12 sınaq uçuşunu təşkil edib. Ümumilikdə qırıcı avtonom uçuşda 17 saatdan çox vaxt keçirib.
Aprel ayında “Tesla” və “SpaceX”in qurucusu İlon Mask səlahiyyətliləri süni intellektə nəzarət etməyə çağırmışdı . Onun fikrincə, dövlət nəzarəti olmadan sürətlə inkişaf edən süni intellekt cəmiyyət üçün təhlükəyə çevrilə və bəşəriyyətin gələcəyi üçün real təhlükə yarada bilər.