“Tərtər işi”nə görə həbs olunan 5 hərbçi baş prokurora müraciət etdi


“Tərtər işi” üzrə daha beş hərbçi onlara qarşı törədilən cinayətlərin araşdırılmasını istəyir. Onlar baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beyləqan rayonu, Dünyamalılar kənd sakini Azər Lətifov Toplum TV-yə bildirib.
O, deyib ki, qardaşı, gizir rütbəli Lətif Lətifov xidmət yoldaşları olmuş Daşqın Heydərov, Zamiq Əlimanov, Elşən Qasımov və Ruslan Cavadovla birlikdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə ediblər. 2016-cı ilin noyabrında dövlətə xəyanət ittihamıyla həbs ediliblər. Ağır işgəncələrə məruz qalıblar, ailə üzvləriylə hədələniblər. Nəticədə cinayəti “etiraf” etmək məcburiyyətində qalıblar.
“Cinayət işi Respublika Hərbi Prokurorluğu tərəfindən başlanıb, iş üzrə istintaq aparılıb və sonradan qardaşım da daxil olmaqla adları çəkilən hərbi qulluqçular Füzuli Hərbi Məhkəməsinin 25 iyul 2018-ci il tarxli 1-1(097)-03/2018 saylı hökmü ilə biri ömürlük olmaqla uzun müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunublar. İstər istintaq dövründə, istərsə də sonradan məhkəmə araşdırması dövründə verilən vəsatətlərin heç biri təmin olunmayıb. Qardaşım da daxil olmaqla hərbi qulluqçular tərəfindən işgəncəyə məruz qalmaları ilə bağlı məlumatlar tam və hərtərəfli araşdırılmayıb”, - A.Lətifov deyib.
Azər Lətifovun sözlərinə görə, iş üzrə ittiham aktı, Füzuli Hərbi Məhkəməsinin hökmü və yuxarı instansiya məhkəmələrinin qərarları Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədova təqdim edilib:
“Hazırkı ərizə vasitəsilə bir daha bildirmək istəyirəm ki, ittihamların heç biri sübuta yetirilməyib. Bu işin yenidən araşdırılması adları çəkilən hərbi qulluqçuların cinayət törətmədiyini, onların şərləndiyini ortaya çıxara bilər. Xüsusən də işin hazırda 2021-ci ilin dekabr ayından etibarən şərti olaraq “Tərtər işi” adlandırılan işin təzələnmiş icraatı çərçivəsində yenidən araşdırılmasını istəyirik”.
Baş Prokurorluq tərəfindən 5 sentyabr 2022-ci il tarixdə yayılmış rəsmi məlumatda bildirilib ki, “Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Bəkir Orucov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Azər Lətifov deyib ki, Bəkir Orucov onun qardaşı və adlarını çəkdiyi digər hərbi qulluqçular saxlanılan zaman 2-ci Ordu korpusunun komandirinin müavini, qərargah rəisi vəzifəsində olub. Sonrakı tarixlərdə onun hərbi qulluqçulara işgəncə verməsi və əsassız azadlıqdan məhrum etməsi praktikası həmin şəxs tərəfindən bu qanunsuz addımların digər hərbi qulluqçulara qarşı da atdığına ciddi ehtimallar yaradır.
Azər Lətifov baş prokurordan qardaşının və digər dörd hərbi qulluqçunun (biri ömürlük həbsdədir) işinə yenidən baxılması üçun hüquqi addımların atılmasını xahiş edib.

DİGƏR XƏBƏRLƏR

Top