"ChatGPT" "Google"u taxtdan salacaqmı?


Dekabr ayında "ChatGPT" adlı yeni texnoloji məhsul dünya ictimaiyyətinə təqdim edildi. Bu xidməti hazırda məşhur internet axtarış mühərriki olan "Google"-la müqayisə edirlər. Hətta, onun "Google"-u taxtdan sala biləcəyini deyənlər də var. "ChatGPT" xidmətinin yazı yazmaq qabiliyyəti, mürəkkəb tapşırıqları yerinə yetirmək bacarığı, çətin suallara cavab vermək "istedadı" çox yüksək səviyyədədir. İctimaiyyətə təqdim olunduqdan cəmi bir həftə sonra "ChatGPT" platformasından 1 milyondan çox insan istifadə etdi.
Bu xidmət daha əvvəl rəssamlıq edən, deyilən şeyin rəsmini orijinal təsvirlərdə olduğu kimi, hətta sənət əsərləri səviyyəsində çəkə bilən "DALL•E 2" süni intellektini təqdim edən "OpenAI" şirkətinə məxsusdur.
"ChatGPT" xidmətinin bacarıqlarını sınaqdan çıxaran istifadəçilər bu xidmətin bir çox peşəni tarixə çevirəcəyini, ən azı bir çox peşədə köklü dəyişikliklərə səbəb olacağını qeyd edirlər. Burada hazırladığı müxtəlif kontent və ya mətnlərlə jurnalistlik, ssenaristlik, yazıçılıq və s. kimi peşələrə sahib insanlarla rəqabət apara, hətta onları üstələyə biləcək bir süni intellektdən söhbət gedir. Məsələn, siz bir hekayə kitabı qələmə almaq istəyirsiniz. Oxucunun yaş kateqoriyasını, hansı tərzdə bir hekayə istədiyinizi, hansı müəllifin tərzinə yaxın olmasını, hekayələrin hansı xalqın həyatından bəhrələnməsini və s. qeyd edərək "ChatGPT" süni intellektindən həmin çərçivədə hekayələr yazmasını tələb edə bilərsiniz. O, sizə bu tapşırığı saniyələr ərzində yerinə yetirməyə başlayacaq. Siz "OpenAI" şirkətinin digər xidməti olan "DALL•E 2" xidmətindən istifadə edərək, "ChatGPT"-nin hazırladığı hekayələr üçün saniyələr içərisində şəkillər də əldə edə bilərsiniz. Bir sözlə, bir neçə saat ərzində istədiyiniz hekayələr kitabı artıq əlinizdə olacaq. Geriyə isə sizin bu hekayələri sonuncu dəfə nəzərdən keçirməyiniz qalır. Bunlar hələ sözü gedən süni intellektdən ən sadə istifadə tələbləri və ya üsullarıdır. Biz bütün bunları qısa şəkildə texnologiyada inqilabi yeniliklər adlandıra bilərik. Digər tərəfdən, bu tendensiya başda yazıçılar və tərtibatçılar olmaqla kitab nəşri sahəsindəki onlarla iş yerinin süni intellektlərin əlinə keçməsi demək ola bilər.
İnsanların hazırladığı yazı və mətnlərlə rəqabət apara bilmək bacarığına görə "ChatGPT" xidmətinin xüsusilə jurnalistləri əvəz edə biləcəyinə dair fikirlər səslənsə də, indiki mərhələdə bu xidmət uğurlu bir jurnalistika fəaliyyəti üçün lazım olan tənqidi düşünmə bacarığına, həmçinin, etik qərar qəbul etmə qabiliyyətinə malik deyil. Onu da qeyd edək ki, "ChatGPT"-nin mövcud bilik bazası 2021-ci ilə qədərdir. Bu kimi cəhətləri ilə yanaşı "ChatGPT"-ni hər şeyə cavab verə bilən bir professor və ya bir müəllimə də bənzədə bilərik. Məhz bu amillər nəzərə alınaraq sözügedən süni inellektin "Google"-a rəqib olduğunu düşünürlər.
90-cı illərin sonlarında "Google" axtarış sisteminin ilk dəfə istifadəyə verilməsi, həmçinin, "İphone" telefonlarının toxunma ekrana malik modellərinin ilk dəfə təqdim edilməsi texnologiyanın inkişafında hansı rolu oynamışdısa, "ChatGPT" xidmətinin də yaxın gələcəkdə özü ilə bir çox yeniliklər gətirərək eyni rolu oynayacağı gözlənilir. O dövrlərdə biz "Google"-un həyatımızı nə dərəcədə dəyişdirəcəyini əvvəlcədən təxmin edə bilməzdik.
"ChatGPT" bu günə qədər yazılan bütün kitabları oxuyur, sosial mediada müzakirə edilən bütün mövzuları dinləyir, internetə yüklənən bütün kitabxanaları analiz edir. Ancaq "ChatGPT" xidməti "Google"-dan fərqli olaraq internetdə daim yeni məlumatlar əldə etməyinizə imkan vermir. Hazırda bu xidmətin ancaq 2021-ci ilə qədər olan məlumatlardan xəbəri var. Özünü milyardlarla fərqli görüşlərə sahib insanların yazdıqları ilə yetişdirməsinə baxmayaraq qütbləşdirici bir dildən istifadə etmir. Onu bu cür tərbiyə etdiklərinə görə, orta yollu bir üslubdan istifadə edir.
Gəlin, bir də bu mühüm suala cavab axtaraq... Görəsən, doğrudanmı yazıçılıq kimi ən yaradıcı işləri belə nə vaxtsa robotlara həvalə edəcəyik? Əslində, vəziyyət tam olaraq belə deyil. Çünki "ChatGPT"-nin gördüyü iş tam olaraq yazıçılıq deyil.
Bu günə qədər insanların ərsəyə gətirdiyi ən mürəkkəb oyunlardan biri hesab edilən "Go" oyununda süni intellekt dünyanın ən mahir oyunçusunu məğlub etmişdi. Hazırda başqa bir süni intellekt olan "ChatGPT" də buna bənzər qələbəni insanlarla həmsöhbət olmaq məsələsində qazanmaq üzrədir. Şahmat və ya "Go" oyununu hamımız oynamadığımız üçün, bəlkə də, süni intellektin daha əvvəlki nailiyyəti bir o qədər gündəmə gəlməmiş və bizə təsir etməmişdi. Ancaq "ChatGPT"-nin məharətlərini çox güman ki, hər birimiz çox yaxından hiss edəcəyik.
Unutmayaq ki, "ChatGPT" yazı yazır, ancaq bunu yazmağı istədiyi üçün etmir, sadəcə olaraq, bu cür proqramlaşdırıldığı üçün edir. Çox zəkalıdır, ancaq istək sahibi deyil. Ona verilənlər qədər bilik sahibidir. Əgər, məsələn, hansısa yazıçının romanlarını oxumasaydı, "Onun romanlarının üslubuna uyğun bir hekayə yaz" istəyinə cavab verə bilməyəcəkdi. İndi isə işin daha incə məqamına gələk... Əgər bizim müəyyən bir yazıçının romanlarından, onun üslub və ya tərzindən xəbərimiz olmasaydı, onun tərzində bir hekayə yazmasını "ChatGPT"-dən istəyə bilməyəcəkdik. Yəni, elə bir dünyaya doğru gedirik ki, həmin dünyada doğru sualları vermək, nə istədiyini bilmək hər şeydən daha vacib olacaq. Şüur sahibi bir insanla şüursuz süni intellekt arasındakı fərq məhz burada özünü göstərir. Bir sözlə, "ChatGPT" qısa bir vaxtda insanı valeh edəcək yazılar yazsa da, o, bir yazıçı deyil.
"ChatGPT" istifadəçilər üçün aşpaz rolunu oynayaraq, reseptlər təqdim edə, marketoloqlar üçün biznes planlar qura, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün press-relizlər hazırlaya və ya terapevtlər kimi məsləhətlər verə bilər. Hər bir sənaye inqilabı insanların həyat tərzini dəyişdiyi kimi, "ChatGPT"-nin də yeni bir texnoloji inqilab ola biləcəyi artıq o qədər də sirr deyil.

Fraza jurnalı,
Abid Öməroğlu

DİGƏR XƏBƏRLƏR

Top