Böyük İpək Yolu üzərindəki Zəngəzur dəhlizi "düyününü" kim açacaq? - Analiz


Türkiyədə mayın 14-də baş tutacağı gözlənilən növbəti prezident seçkilərində müxalifətin əsas namizədlərindən biri hesab olunan CHP (Cümhuriyyət Xalq Partiyası) sədri Kamal Kılıçdaroğlu ötən gün bəyan edib ki, hakimiyyətə gələrsə, Çin və Türkiyəni birləşdirəcək nəqliyyat dəhlizini istifadəyə verməyi düşünürlər. Kılıçdaroğlu bunu tarixi İpək Yolunun bərpası kimi dəyərləndirib. CHP sədri yeni nəqliyyat dəhlizinin Türkiyədən İrana və ordan da Orta Asiya respublikalarına (Türkmənistan, Özbəkistan və Qazaxıstan) daxil olaraq Çinə qədər uzanacağını bildirib.
Kılıçdaroğlunun bu açıqlaması birmənalı qarşılanmayıb. Eyni zamanda Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan, Ermənistan, Gürcüstanın və Orta Asiyanın digər 2 respublikasının – Qırğızıstan və Tacikistanın adını çəkməməsi narazılıqlara səbəb olub.
Bildiyimiz kimi, Tarixi İpək Yolu hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin keçdiyi coğrafiyanı əhatə edir. Bir neçə fərqli istiqamətlərdən keçən çoxşaxəli nəqliyyat yollarını (dəmir yolu, avtomobil, boru kəmərləri və s.) özündə birləşdirir.
Şərq-Qərb nəqliyyat dəhlizinə daxil olan əsas və ən böyük işlək marşrutlardan biri Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizidir. TRACECA (Transport Corridor Europe-Caucasus-Asia)  adlanan bu layihə Avropa Birliyinin TASİS (MDB üzvlərinə göstərilə texnik yardım layihəsi) layihəsi çərçivəsinə 1993-cü ilin may ayında Brüsseldə (Belçika) keçirilən konfransda 8 ölkənin (Azərbaycan, Ermənistan, Gürcüstanın və 5 Orta Asiya respublikasl) iştirakı ilə qəbul edilib.
Hər kəsə məlumdur ki, son 30 ildə TRACECA xətti üzrə çox nəhəng ifrastruktur yaradılıb. Bakı-Tblisi Ceyhan neft kəməri, Bakı-Tblisi-Ərzurum qaz kəməri, Bakı-Tblisi-Qars dəmir yolu xətti TRACECA-ya daxil olan ən böyük nəqliyyat ifrastrukturları arasında yer alır. Bu yollardan hər il milyonlarla ton yük daşınır.
1998-ci il sentyabrın 8-də Bakıda keçirilmiş “TRACECA – Tarixi İpək Yolunun bərpası” adlı beynəlxalq konfransda Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan və Ukrayna prezidentləri, 32 ölkənin hökumət başçıları, nəqliyyat nazirlikləri və ekspertlər, həmçinin Avropa Komissiyasının nümayəndələri iştirak edib. 2009-cu ildə Azərbaycanın da dəstəyilə İran da TRACECA-ya qoşulub. Hazırda Çin istisna olmaqla Kamal Kılçdaroğlunun adlarını çəkdiyi bütün ölkələr TRACECA layhəsində təmsil olunurlar. Bu isə o deməkdir ki, bu ölkələrdən keçən bütün yollar Şərq-Qərb, ya da Tarixi İpək Yolu adlandırılan nəqliyyat dəhlizinə daxildir.
Lakin, məlumdur ki, ölkələr arasındakı münasibətlər bir-çox hallarda Şərq-Qərb nəqliyyat dəhlizinin effektiv işləməsinə maneələr yaradır. Hazırda İranın sanksiyalar altında olması, Ermənistan-Azərbaycan arasındakı münasibətlər dəhlizin səmərəli işləməsinə əsas maneələrdən hesab olunur.
Bu baxımdan Kamal Kılçdaroğlunun bu yolun genişləndiriləcəyilə bağlı sözləri daha çox İranın TRACECA layihəsində daha aktif iştirakını nəzərdə tutan bir açıqlamadır.
Ancaq TRACECA-nın daha səmərəli işləməsi üçün ən əhəmiyyətli keçidlərdən biri Zəngəzur dəhlizidir. Bu dəhlizin açılmaması Kamal Kılçdaroğlunun haqqında bəhs etdiyi marşrutun da effektivliyini aşağı salacaq.
Çünki, Azərbaycan və Ermənistan təkcə Şərq-Qərb nəqliyyat dəhlizində deyil, eyni zamanda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşən ölkələrdir. 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda keçirilən ikinci Avrasiya Nəqliyyat Konfransı zamanı Rusiya, İran və Hindistan arasında Şimal-Cənub dəhlizinin yaradılması haqqında hökumətlərarası saziş imzalanıb. Daha sonra bu layihəyə 13 ölkə, o cümlədən Türkiyə, Ermənistan, Gürcüstan və Azərbaycan da qoşulub.
Yüklər Şimal-Cənub dəhlizi ilə 3 əsas istiqamətdə hərəkət edir:
Bunlardan birincisi “Mərkəzi marşrut” adlanır (Xəzər dənizindən keçir).
Hindistandan yüklər dəniz yolu (Ərəbistan dənizi, Fars körfəzi) İranın Bəndər Abbas limanına ordan dəmir yolu ilə Ənzəli limanına (Xəzər dənizi sahilində) daşınır. Burdan gəmilərlə Xəzər dənizini keçərək Rusiyanın Həştərxan limanına aparılır. Ordan isə Ruisya dəmir yolları ilə ölkənin digər şəhərlərinə daşınır.
İkinci yol “Qərb marşrutu” adlanır (Azərbaycandan keçir).
2005-ci ildə Azərbaycan da Şimal-Cənub dəhlizinə qoşulub. Azərbaycanı nəqliyyat dəhlzinə qoşulması yüklərin daşınmasını həm tezləşdirə, həm də xərclərini azalda bilib. Yüklərin Ənzəli limanında boşaldılması, gəmiyə yüklənməsi, daha sonra Həştərxanda yenidən gəmilərdən boşaldılıb qatarlara yüklənməsi həm daşınma vaxtını uzadır, həm də əlavə xərclər yaradır. Eyni zamanda dəniz yolu ilə daşınma pis hava şəraitində təxirə salınmalara səbəb olur.
Azərbaycanın bu dəhlizə qoşulması İran dəmir yollarının Azərbaycan və Rusiya dəmir yollarına birləşdirir ki, bu da nəticədə Bəndər Abbasdan çıxan qatarların Azərbaycandan keçərək birbaşa Rusiyaya daxil olması deməkdir. Bu həm vaxt itkisini, həm də xərcləri azaldır.
Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Prezident İlham Əliyev  7 dekabr 2015-ci il tarixində Sərəncam imzalayıb. Bu Sərəncama əsasən İran-Azərbaycan sərhədindəki Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni yol tikilib. Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Astaraçay üzərində dəmiryol körpüsündən İranan  ərazisində tikilən yük terminalına qədər 1,4 km yol çəkilib. 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmir yolunun açılışı olub. Lakin, İran dəmir yollarının Azərbaycan dəmir yollarına birləşdiriləmsi üçün Rəşt – Astara (167 km) dəmir yolunun da çəkilməsi lazımdır. 2017-ci ildə Azərbaycan Rəşt – Astara dəmir yolunun qalan hissəsinin tikintisi üçün İrana 500 milyon dollar kredit ayırıb. Tikintinin 70%-nin başa çatdığı bildirilir. İlin sonuna kimi dəmir yolu xəttinin inşasının başa çatacağı gözlənilir. Rusiya tikintiyə əlavə sərmayə ayıracağını açıqlayıb.
Üçüncü yol isə “Şərq marşrutu” adlanır (Türkmənistan və Qazaxıstandan keçən)
2014-cü il dekabrın 3-də “Qazaxıstan-Türkmənistan-İran” dəmir yolunun rəsmi açılışı olub. Dəmir yolunun tikitisi 2009-cu ildə Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankının maliyyə yardımı ilə həyata keçirilib.
Şimal-Cənub dəhlizində yeni marşrut (İran-Ermənistan-Gürcüsta-Rusiya marşrutu)
İran-Azərbaycan arasında yaşanan gərginlik son zamanlar Şimal-Cənub nəqliyyat dəhlizində yeni marşrutu gündəmə gətirib. Bu İran-Ermənistan-Gürcüsta-Rusiya marşrutudur. Ermənistan rəsmi şəkildə 2004-cü ildən bu sazişə qoşulub. Hazırda İran və Ermənistan arasında nəqliyyat dəhlizinin genişləndirilməsi istiqamətində danışıqlar gedir.
Lakin, qeyd edim ki, Ermənistan ərazisi Şimal-Cənub nəqliyyat dəhlizi üçün əlverişli deyil. İran-Ermənistan sərhədindəki Zəngəzur bölgəsi yüksək dağlıq reylifə malik olduğu üçün burada beynəlxalq nəqliyyat dəhlizi yaratmaq həm uzun vaxt apara bilər, həm də olduqca yüksək maliyyə tələb edir. Nəqliyyat dəhlizi İrandan Ermənistana daxil olduqdan sonra Azərbaycan sərhədlərinə oduqca yaxın (bəzi yerlərdə bir-neçə yüz metr) keçir. İki ölkə arasında sülh müqaviləs olmadığı üçün bölgədə hər an atəşkəs pozulabilər. Bu da yüklərin daşınması üçün böyük risk yaradır.
Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanarsa və Zəngəzur dəhlizi açılarsa o zaman Ermənistanın Şimal-Cənub nəqliyyat dəhlizində iştirakı daha əlverişli ola bilər.
Sovetlər İttifaqı zamanında Azərbaycan və Ermənistan ərazisindəki dəmir yolu xətti İran sərhədi ilə gedərək Zəngəzurdan keçib Naxçıvan ərazisinə daxil olurdu və buradan da Ermənistan, daha sonra isə Gürcüstana keçirdi. Eyni zamanda Sovet İttifaqı vaxtında İran dəmir yolları da Naxçıvan ərazisində (Culfa şəhəri) SSRİ dəmir yollarına birləşirdi. Əgər iki ölkə (Azərbaycan-Ermənistan) razılığa gələ biləslər, o zaman əvvəlki dəmir yolu xətti bərpa oluna bilər və bu da Şimal-Cənub nəqliyyat dəhlizində yükdaşımaları artıra bilər. Eyni zamanda Ermənistan və Gürcüstan bu dəhlizə qoşula bilər. Bu yeni marşrutun açılması Türkiyənin də nəqiliyyat dəhlizinə qoşulmasına səbəb ola bilər. Qeyd edim ki, Azərbaycan son 2 ildir İran sərhədi ilə Ermənistan sərhədinə kimi dəmir yolunu inşa edir. Bu ilin sonuna kimi dəmir yolu xəttinin inşasının başa çatacağı gözlənilir.
İran və Ermənistan arasında Araz çayı üzərində yeni dəmir yolu körpüsünün inşası haqqında saziş də imzalanıb. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasını razılıq verməsəydi. Dəmir yolu xətti İran ərazisinə daxil olub 46 km davam etdikdən sonra Naxçıvana daxil olacaqdı. Lakin, son zamanlar İranla münasibətlərin gərginləşməsi bu layihənin icrasını dayandırıb.
Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinə böyük əhəmiyyət verir. Bu səbəbdən Ermənistanın da bu dəhlizə qoşulmasında və dəhlizin genişləndirilməsində maraqlıdır.  Şimal-Cənub nəqliyyat dəhlizinin genişlənmsi Rusiyanın təkcə İran və Hindistanla əlaqələrini gücləndirmir, eyni zamanda gələcəkdə Afrika və Ərəb dövlətləri ilə də ticarət əlaqələrini artıra bilər.
Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən olduqca əhəmiyyətli keçiddir. Bu dəhlizin açılmadığı təqdirdə nəqliyyat dəhlizinin effektiv işləməsi olduqca çətin görünür.
Bildiyimiz kimi, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr tarixində imzaladıqları üçtərəfli bəyantada açıq şəkildə göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır və Ermənistan bunu təmin etməlidir.
Lakin, həmin bəyanatdan 2 ildən çox vaxt keçsə də, yaxın vaxt Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsi bərpa edilməyib.
Ermənistan üzərinə götürdüyü bu öhdəliyi icra etməmisinin səbəbi ki, Azərbaycanın keçid üçün heç bir müdaxilənin (gömrük nəzərəti) olmayacağı dəhlizin verilməsi ilə bağlı tələbini göstərir. Azərbaycanın isə haqlı olaraq Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni təmin edəcək keçidin – Zəngəzur dəhlizinin  Xankəndi ilə Ermənistanı birləşdirən Laçın dəhlizi ilə eyni statusda (gömrükə nəzarətinin olmadığı) olmasını istəyir.
Onu da bildirim ki, Ermənistanın Azərbaycanın bu istəyini qəbul etməməsi Azərbaycandan çox Ermənistanın əleyhinə işləyir. Ermənistan Zəngəzur dəhlizinin açılmasını gecikdirməklə milyonlarla dollardan məhrum olur.
Bu səbəbdən də, Zəngəzur dəhlizinin açılması Azərbaycandan çox Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşən ölkələrin də marağında olmalıdır.

Allahverdi Aydın

DİGƏR XƏBƏRLƏR

Top