
Bu ilin mart ayında Rusiyada yeni avtomobillərin satışı keçən ilin eyni ayı ilə müqayisədə 10,6% azalıb.
Yeniavaz.com Avropa Biznes Assosiasiyasına istinadən xəbər verir ki, mart ayında minik avtomobillərinin və yüngül ticari avtomobillərin satışı 48 414 ədəd təşkil edib və 2022-ci ilin mart ayı ilə müqayisədə 5 712 ədəd az olub.
Yanvarda ötən ilin yanvar ayı ilə müqayisədə satışlar 63,1%, fevralda isə 62% az olub.
Ümumilikdə, birinci rübdə satışlar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 44,7% və ya 123 855 avtomobil azalaraq 153 477 ədəd təşkil edib.
“AvtoVAZ” şirkətinin yerli markası “Lada” bazar lideri olaraq qalıb. Mart ayında 23 335 “Lada” satılıb ki, bu da 2022-ci ilin mart ayı ilə müqayisədə 90% çoxdur. Bu ilin birinci rübündə “Lada”nın satışları 22% artaraq 64 240 avtomobil təşkil edib.
“Lada Granta” markası mart ayında 16 254 ədəd satılıb. Həmçinin mart ayında avtomobil istehsalçısının dilerləri 2 703 “Niva Legend” və 3721 “Niva Travel” avtomobili satıblar.
İkinci rübdə avtomobil istehsalçısı yeni nəsil “Lada Vesta”nın satışına başlamaq və Sankt-Peterburqda “Lada” istehsalı sahəsini işə salmaq niyyətindədir.
Daxili avtomobil bazarında satışda ikinci yeri xarici avtomobillər arasında liderə çevrilmiş Çinin “Haval” şirkəti tutur. Mart ayında Rusiyada bu markalı 6 780 avtomobil satılıb ki, bu da bir il əvvəllə müqayisədə 4 dəfə çoxdur. Bu brend artıq Rusiya avtomobil bazarının 14%-ni tutur.
Üçüncü yeri “Geely” tutur, martda şirkət 5 119 avtomobil satıb. Bazar payı 10,6%-ə çatıb. Digər Çin brendləri də mart ayında ən böyük satış artımı göstərir. “Changan”in satışı 1 517 ədəd, “Great Wall”un satışları 450 ədəd olub.
Rusiyada Çin avtomobillərinin payı sürətlə artır. 2023-cü ilin yanvar-fevral aylarının nəticələrinə görə, Çin avtomobil şirkətləri yeni avtomobil bazarının 36%-ni tutur. 2022-ci ilin əvvəlində Çin avtomobil markalarının Rusiyadakı payı 10%, 2021-ci ilin sonunda 9%, 2020-ci ilin sonunda isə cəmi 4% təşkil edib.
Elnur Əli