
Aprelin 1-də Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.
Yeniavaz.com xəbər verir ki, tədbirdə ilk öncə gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
Yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub.
Sonra Çingiz Hüseynzadə 1996-cı ildən federasiyaya rəhbərlik etdiyini qeyd edib və Olimpiya Hərəkatındakı fəaliyyətinə daha çox diqqət ayırmaq məqsədilə vəzifəsindən istefa verdiyini bildirib: “Federasiyadan istefa versəm də idmandan getmirəm”.

Səsvermə ilə Ç.Hüseynzadənin istefası qəbul edilib. Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan Atletika Federasiyasının yeni prezidenti seçilib.

Yığıncaqda həmçinin Müşfiq Tukanov və Könül Nurullayeva vitse-prezident, Şəlalə Yaqubova, Bülənt Karani, Nazim Babayev və Rauf Qasımzadə İdarə Heyətinin üzvü seçiliblər.