Həzrət Yunusun (ə.s) qövmü – Ninova xalqı


“Gölə qatıq çalmaq” hekayəsi və Ninova xalqı

Bir gün Molla Nəsrəddinin göl kənarında əlində bir fincan qatıqla nə isə etdiyini görürlər. Ondan nə etdiyini soruşanlara: “Gölə qatıq çalıram” deyir. “Bu qədər böyük göl qatıq tutarmı?” deyə heyrətlə soruşanlara da, “Bəlkə tutar” cavabını verir. Əlbəttə bu bir hekayədir. Ancaq hər bir hekayənin həqiqət payı və orada çatdırılmaq istənən məna tərəfi var.
Həzrət Yunusun (ə.s) Assuriya dövlətinin paytaxtı Ninova şəhərinə bir peyğəmbər olaraq göndərilməsini təşbehdə xəta olmazsa, Molla Nəsrəddinin gölə qatıq çalmaq hekayəsinə bənzətmək istəyirəm. Bu mənada Həzrət Yunus (ə.s) da bir maya və əsas səbəbkar kimi Ninovaya yollanmışdır. O sadəcə vəsifəsini icra edəcəkdi. Nəticəni verən əlbəttə Cənab Allah (c.c) idi.

Ninova şəhərinə gedən peyğəmbər…
Tarix olaraq miladdan əvvəl 8-ci əsrdə yaşadığı təxmin edilən Həzrət Yunus (ə.s) hər nə qədər bir İsrail peyğəmbəri olsa da, Cənab Allahın (c.c) buyuruğu üzrə o Assuriyalılara yol göstərmək üçün Ninova şəhərinə göndərilmişdi. Bu səbəblə “Həzrət Yunusun (ə.s) qövmü” deyiləndə yəhudilər deyil, assuriyalılar nəzərdə tutulur.
Rəvayətə görə, Həzrət Yunus (ə.s) Ninovaya bir peyğəmbər olaraq gedərkən yolda dövrün bu metropol şəhərindən qayıdan tacirlərlə qarşılaşır. Tacirlər Ninova şəhərinin çox böyük olduğundan, şəhəri bir başından digər başına piyada üç gündə qət etməyin mümkünlüyündən, şəhərin ehtişamından, savaş arabalarından, göz oxşayan atlardan və s. bəhs edirlər. Əlavə olaraq da, hələlik Ninovaya yad olan Həzrət Yunusa (ə.s) diqqəti özünə çəkməsə, insanlarla bir o qədər də əlaqədə olmazsa, sadəcə öz işi ilə məşğul olsa, şəhərdə çox rahatlıqla yaşaya biləcəyini söyləyirlər. Ancaq bir məsələ var ki, Həzrət Yunus (ə.s) bir peyğəmbər idi. Onun işi məhz elə insanlarla idi…

Uzun illər davam edən Peyğəbmər (ə.s) fəaliyyəti…
Ninova şəhərinin xalqı politeist bir dini anlayışa sahib idi. Çoxtanrılı dinləri vardı və bütlərə sitayiş edirdilər. Ninova şəhəri Assuriya dövlətinin paytaxtı olduğu üçün Mesopotamiya bölgəsindəki şəhərlərin ən böyükü və ən zəngini idi. Bir sıra tədqiqatçıların qeyd etdiyi üzrə, naz-nemətin, ruzinin bolluğu, hədsiz sərvət və zənginlik bu şəhərin əhalisini zövq və səfaya düşkün etmiş, əxlaqi dəyərlər aradan qalxmış və onlar dünyapərəst, günahlara meyilli hala gəlmişdilər. Həzrət Yunus (ə.s) bütlərə sitayiş edən Ninova əhalisini uzun illər Allaha (c.c) iman və ibadət etməyə dəvət etdi. Onlar deyilənlərə qulaq asmasa da, Həzrət Yunus (ə.s) da ümidsizliyə qapılmadan insanları haqq dinə çağırdı.

Həzrət Yunus (ə.s) şəhərdən ayrılır…
Həzrət Yunus (ə.s) Ninova xalqının uzun illər davam edən xatırlatmalara baxmayaraq ilahi mesaja qarşı qapalı olmalarına qəzəblənərək onlara ilahi əzabın gələcəyini xəbər verərək bu şəhəri tərk etmişdi. Ninova xalqı da Həzrət Yunusun (ə.s) şəhəri tərk etməsindən sonra yaxınlaşan əzabın əlamətlərini sezərək əməllərinə peşman olmuş, əzabın gəlməməsi üçün Allaha yalvarmışdılar. Onların tövbəsi və qəlblərə düşən iman qığılcımı zülmü aradan qaldıracaq, haqsızlıqların qarşısını ala biləcək elə bir səviyyəyə çatmışdı ki, kimsə evinin bünövrəsində başqasına məxsus daşdan istifadə edibsə, evini sökərək həmin daşı sahibinə qaytarırdı. Əslində belə bir halallaşmağa, belə bir tövbəyə günümüzdə şəhərlərdə yaşayan insanlardan kəndlərdə yaşayan insanlara qədər hər bir şəxsin, hər bir cəmiyyətin o qədər ehtiyacı var ki...
Bəlkə burada sosioloqların, psixoloqların və digər elm sahələrindəki insanların araya girərək söyləyəcəkləri sözləri var… Görəsən, əsl mədəniyyət daşdan ucaldılmış binalardan, qala divarları ilə hasara alınmış şəhərlərdənmi ibarətdir? Yoxsa, bunun əksinə insanlar arasında ucaldılmış ədalət divarlarındanmı? Bu mənada Həzrət Yunus (ə.s) və Ninova xalqının bu qissəsində həm o dövr, həm də digər dövrlərdə müsibətlərdən qurtulmaq üçün bir çox yol işarələri var.

Ninova şəhərində çar Assurbanipalın kitabxanasında minlərlə yazılı gil lövhələri tapılmışdır. Onların məzmunu əsasən dini və qismən elmi (riyazi və astronomik) xarakterlidir. Yuxarıdakı şəkildə Çar Aşşurbanipalın kitabxanasında tapılmış yazılı gil lövhəsinin nümunəsi göstərilmişdir. Britaniya muzeyi, London.

Tövbə və peşmanlığı son ana saxlamayan xalq…
Ninova şəhərinin həm kralı, həm idarəçiləri, həm də xalq böyük bir uzaqgörənlik və bəsirət göstərərək həlak edilmiş qövmlərdə (Ad və Səmud qövmü, Firon və onun əsgərləri və s.) olduğu kimi peşmanlıq və imanı son ana saxlamadılar. Ninova xalqı hər nə qədər gələcək olan əzabın əlamətlərini artıq görsələr də əzab enmədən və əzabı öz gözləri ilə görmədən iman etmişdilər. Ancaq həlak edilən digər qövmlər əzabın endiyi vaxta qədər tövbə və imanı ertələmiş, artıq əzab endikdən sonra iman etdikləri üçün onların bu iman və tövbəsi qəbul edilməmişdi.
Bu haqda Quranda belə buyurulur: “Kaş (məhv etdiyimiz) hər hansı bir məmləkət (xalqı, özlərinə əzab gəlməzdən əvvəl) iman gətirəydi və imanları özlərinə fayda verəydi. Lakin Yunusun qövmü iman gətirdiyi zaman dünya həyatındakı rüsvayçılıq əzabını onlardan götürdük və onları bir müddətə qədər (dünya nemətlərindən) faydalandırdıq” (Yûnus 10/98).

Uzun illər sonra bəhrə verən toxumlar…
Düzdür, nəticə heç də dərhal əldə edilmir. İlahi mesajın hardasa bütün Ninova xalqının, əsrlər sonra da eyni mesajın Həzrət Peyğəmbərimiz (s.ə.s) vasitəsilə Məkkədə yaşayan ərəb qəbilələrinin könüllərini fəth etməsi üçün uzun illər tələb olunacaqdı. Bütün Məkkə əhalisinin imana gəlməsi Allah Rəsulunun (s.ə.s) peyğəmbərliyindən 23 il sonra baş vermişdi. Bir mənada 23 ildə əkilən toxumlar, sanki anidən cücərməyə, torpaq altından başını qaldırmağa başlamışdı.
Assuriya dövlətinin paytaxtı Ninova şəhərində baş verənlər də buna bənzər idi. Həzrət Yunusun (ə.s) 30 illik peyğəmbərliyindən, hətta bu şəhər və xalqdan ümidini üzərək şəhəri tərk etməsindən sonra əkilən toxumlar bəhrə vermiş Ninova xalqı onlarda əskik olan şeyə, iman cövhərinə qovuşmuşdu.
Burada bir bənzətmə edə bilərik… Toxumların cücərməsi üçün uyğun temperatur, rütubət və oksigen lazımdır. Bunlardan biri olmasa, toxum cücərməz. Bunlar olsa belə, toxumun qabığı hava və suyu keçirməyən sərt təbəqə ilə örtülmüşsə, toxumların bir qismi növbəti il, bəziləri 10, bəziləri 20, bəziləri isə 100 il torpaqda xarab olmadan, eyni zamanda cücərmədən qala bilər. Bu müddətdən sonra ətraf mühit uyğun olduqda isə həmin toxumlar cücərməyə başlayırlar. Hz. Yunus 33 il dini təbliğ etdi və cəmi iki nəfər iman gətirdi. Amma 33-cü ildən sonra toxumlar bir-iki günə cücərdi, böyüdü və öz meyvələrini verdi.

Şəhərdən gedəndən sonra dəyəri anlaşılan Peyğəmbər (ə.s)
Həzrət Yunusun (ə.s) Ninova xalqına bir peyğəmbər olaraq göndərilməsini Cənab Allahın (c.c) onlara qarşılıqsız verdiyi, heç bir zəhmətə düşmədən önlərinə sərdiyi bir nemət, bir lütf və ehsan kimi anlamaq olar. Onlar bu neməti dərhal ala və qəbul edə bilərdilər. Ancaq Ninova xalqı əllərinə qoyulan, önlərinə sərilən bu dəyər və neməti anlaya və görə bilmədilər. Həzrət Yunusun (ə.s) uzun illər davam edən təbliğ fəaliyyətindən sonra bu şəhəri tərk etməsilə şəhər əhalisi əllərindən süzülüb gedən fürsətin nə qədər böyük bir nemət olduğunu anladılar. Ninovada dəyəri bilinməyən Həzrət Yunus (ə.s) və onun timsalında ilahi buyuruqlar bir məqamdan sonra onların həsrətlə gözlədikləri, dörd əllə sarılacaqları dəyər halına gəldi.

Doğrunu doğru, haqqı haqq olaraq görə bilmək…
Ninova xalqı əslində çox çətin bir işin öhdəsindən gəlmişdi. Allahla (c.c) aralarını düzəltmələri və bunun üçün nəfs əngəlini aşmaları elə də asan məsələ deyildi. Əslində burada məsələ sadəcə nəfs əngəli də deyildi. Doğrunu doğru olaraq, haqqı haqq, yanlışı da yanlış olaraq görə bilmək həm də bir bəsirət məsələsi idi. Onların belə bir bəsirəti və iman nemətinə qovuşmaları, inşa etdikləri ucsuz-bucaqsız şəhərdən, əldə etdikləri mədəniyyət səviyyəsindən, bu gün belə dünyanın bir çox muzeylərində sərgilənən gildən löhvələrdə yazılar yazmalarından, dünyanın ilk kitabxanasını qurmalarından və başqa necə-necə dövrlərinə görə mütərəqqi işlərdən daha yüksəkdə idi.

İmansızlığın ortaya çıxardığı mənəvi boşluğu heç nə ilə doldurmaq olmaz…
Onlar, “Allahı (c.c) tapan nəyi itirər, Onu (c.c) itirən nəyi qazanar?” həqiqətini iliklərinə, ruhlarının dərinliklərinə qədər bir xalq olaraq anlamış, fərqinə varmış, maddi rifah və intibahla yanaşı, bu dəfə mənəvi bir intibahla da yüksələ bilmişdilər.
Bir insanın Allaha (c.c) iman etməsi elə bir məsələdir ki, insanları bu və ya digər formada bu həqiqətdən (Sovet dövründə və buna bənzər başqa sistemlərdə müəyyən mənada gördüyümüz kimi) məhrum buraxmaq olar. Həmçinin insan öz seçimi olaraq da belə bir məhrumiyyət yaşaya bilər. Ancaq imansızlığın ortaya çıxardığı mənəvi boşluğu heç nə ilə doldurmaq olmaz. Budur, dövrün ən mütəqqi şəhərinin rifah içərisində yaşayan xalqı o boşluğu hiss etmiş, nəticədə Ninovanın yüz minlik (100 000) əhalisi peyğəmbərləri onları tərk etmiş olduğu halda iman nemətinə qovuşmuşdular.

Cənab Allahın (c.c) qurtuluş planı bütün millətləri əhatə edir
Ninova xalqının bu qissəsi bizə həm də onu göstərir ki, Cənab Allahın (c.c) qurtuluş planı sadəcə müəyyən xalq və millətlərə şamil edilməmişdir. Bu qissədən görürük ki, Həzrət İbrahimin soyundan gəlməyən, dolayısı ilə ibrani (yəhudi) olmayan assuriyalılara da ilahi mesaj çatmışdır. Əslində Ninova xalqı özlərindən olmayan və başqa millətə mənsub peyğəmbərin xəbərdarlığı ilə haqq yolunu tapmışdı. Bununla yanaşı İsrailoğulları öz aralarından çoxlu peyğəmbərlər göndərilməsinə baxmayaraq Allaha (c.c) və Onun elçilərinə üsyan etmiş, ilahi mesaja çox çətin tabe olmuşdular.

Ninova xalqının gəlməkdə olan ilahi əzabdan qurtulma səbəbləri…
  1. Assuriyalıların başqa xalqların dininə hörmətlə yanaşdıqları məlum olur. Çünki onlar Həzrət Yunusu (ə.s) şəhərdən qovmamış, onu ölümlə hədələməmişdilər. Əgər Həzrət Yunusu (ə.s) ölümlə təhdid, ya da şəhərdən çıxmağa məcbur etsəydilər, Quran ayələrində buna yer verilə bilərdi. Quran ayələrində həlak edilmiş digər qövm və xalqların öz peyəmbərlərini ölümlə və sürgünlə hədələdikləri xəbər verildiyi halda, Ninova xalqının belə bir əməli haqda məlumat verilmir.
  2. Cənab Allah (c.c) hansı qövmə bir əzab göndərəcəksə, oradakı peyğəmbərinə əzab gəlmədən əvvəl həmin şəhəri tərk etməsi əmr edilmişdir. Həzrət Yunus (ə.s) isə belə bir əmr gəlmədən şəhərdən ayrılmışdı. Həzrət Yunusun (ə.s) belə erkən hərəkət etməsi gələcək əzabın şərtlərinin tam yetişməməsinə, Ninovaya gələcək olan əzabın onların üzərindən qalxmasına səbəb olmuşdu.

Qövmlərin həlakı qaçınılmaz bir sonluq deyil
Ninova xalqının bu qissəsi bizə onu izah edir ki, qövmlərin həlak edilmə məsələsi qaçınılmaz bir qədər deyil, həmin qövmlərin yanlış seçimlərinin nəticəsidir. Əgər digər qövmlər də öz seçimlərini doğru istiqamətə yönləndirər, əzabın gəlib çatdığını öz gözləri ilə görənə qədər tövbə edib pis əməllərindən çəkinsəydilər, Cənab Allah (c.c) Həzrət Yunusun (ə.s) qövmünü xilas etdiyi kimi onları da xilas edərdi. Bir sözlə, qövmlərin həlakı qaçınılmaz bir sonluq deyil, o qövm və xalqların öz əməllərinin nəticəsidir.
Yunus peyğəmbərin Qurandakı qissəsi onun öz qövmünə, Ninova xalqına peyğəmbər olaraq yenidən göndərilməsi və onların ona iman gətirməsi ilə sona çatır. Bununla belə, Həzrət Yunus (ə.s) həyatının sonuna qədər onlarla qalmış, ilahi mesajları ən gözəl şəkildə yaşaya bilmələri üçün təbliğ və peyğəmbərlik vəzifəsini davam etdirmiş, həyatı boyu onlara gözəl nümunə olmuşdur.

Qeyd: Yazının hazırlanmasında aşağıdakı mənbələrdən istifadə edilmişdir:

Abdul Qahar HASAN MAJEED “Yunus suresindeki belaği özellikler” (Magistrlik dissertasiyası)
Ahmet ÖZDEMİR “Vahiy sürecinde Yunus peygamber Kıssası” (Magistrlik dissertasiyası)
Ali BULUT “Yunus suresi bağlamında Kuranı Kerim ve Hazreti Peygamber” (elmi məqalə)
Hacer GENÇ “Zorlu yaşam olayları ve dini başa çıkma Hz Eyüp, Hz Yusuf, Hz Yunus örneği” (Magistrlik dissertasiyası)
Hiclâl DEMİR “Edebiyat Eğitiminde Peygamber kıssalarının rolü: Yunus kıssasının Buket Uzunerin Su romanındaki izleri” (elmi məqalə)
Kadir POLATER “Kuran ve Kitabı Mukaddese göre Yunus kıssası” (elmi məqalə)
Muhammed KAYANTAŞ “Yunus suresinin irab-nahiv, sarf ve belağat yönünden incelenmesi” (Magistrlik dissertasiyası)
Mustafa ÇELİK “Yunus suresinin konulu tefsiri” (Magistrlik dissertasiyası)
Resul ŞAHİN, Yüksel ARSLANTAŞ “İlkçağ tarihi perspektifine ve Kutsal Kitaplara göre Yunus peygamber” (elmi məqalə)


Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top