“Ahıl yaşa çatanların çoxuna pensiya hüququ qazanmaq nəsib olmayacaq” - İqtisadçı


2023-cü ilin yanvarın 1-i vəziyyətinə Azərbaycanda 1 milyon 114 min 200 nəfər pensiyaçı qeydiyyatda olub. Halbuki 2022-ci il yanvarın 1-i vəziyyətinə onların sayı 1 milyon 200 min 500 nəfər idi.
Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu sosial şəbəkə hesabında paylaşıb.
İqtisadçı-ekspertin paylaşımını təqdim edirik:
“Son 1 ildə pensiyaçıların sayı 86 min 300 nəfər azalıb. Azalma bu templə getsə Azərbaycanda ahıl yaşa çatanların çoxuna pensiya hüququ qazanmaq nəsib olmayacaq. Öncə onu bildirim ki, Azərbaycanda əhalinin 11 faizi pensiya alır. Müvafiq göstərici Rusiyada 30 faizə yaxındır, Belarusda 26,5 faizdən yüksəkdir. Belə ki, Azərbaycandan əhalisi az olan Belarusda hazırda pensiya alanların sayı 2 milyon 532 min nəfərdir. MDB Statistika Komitəsinin məlumatına görə, hər 1000 nəfərə düşən pensiyaçıların sayı Azərbaycanda 111 nəfər, Qazaxıstanda 157 nəfər, Ermənistanda 158 nəfər, Ukraynada 258, Moldovada 262 nəfər, Belarusda 267 nəfər, Rusiyada 297 nəfərdir. Yeri gəlmişkən onu da qeyd edim ki, Rusiya və Belarusda orta pensiya məbləği də Azərbaycandan yüksəkdir.
Azərbaycanda 2016-ci ildən indiyə qədər pensiyaçıların sayı 200 minə qədər azalıb. Bunu aşağıdakı amillər şərtləndirir.
1. Pensiya yaşının yüksək olması və yaşa görə imtiyazların sərtləşdirilməsi. Qadınlar üçün pensiya yaşının 2 ildə 1 il artırıldığından onlar arasında pensiyaya çıxanları sayı hər il azalır.
2. Yaşa görə pensiya alanların sayının azalması. 2021-ci üzrə demoqrafik statistikaya görə, Azərbaycanda 2019-cu ildə kişilər arasında ölənlərin 49,8 faizi 65 yaşına, yəni pensiya yaşına çatmamış, 2020-ci ildə 52,3 faizi, 2021-ci ildə 47 faizi pensiya yaşına çatmamış vəfat edib. Qadınlar arasında bu göstərici aşağı olsa da onların pensiya yaşının 2027-ci ilə qədər artırılaraq 65 yaşa çatdırılmasına görə dinamika artıma meyllidir. Nəticədə 2021-ci ildə yaşa görə pensiya alanların sayı 707 min nəfərdən 2022-ci ildə 696 min nəfərə qədər azalıb. Deməli ötən 1 ildə yaşa görə pensiya alanların sayı 11 min nəfər azalıb.
3. Əlilliyə görə pensiya alanların sayının azalması. 2021-ci ildə 347,3 min nəfər əlilliyə görə pensiya alıb. Bu göstərici 2022-ci ildə 272,9 min nəfər olub. Beləliklə də son 1 ildə əlilliyə görə pensiya alanların sayı 74,4 min nəfər azalıb.
4. Ailə başçısını itirməyə görə pensiya alanların sayının azalması. Belə ki, 2022-ci ildə 144,8 min nəfər ailə başçısını itirdiyinə görə pensiya alıb. Müvafiq göstərici 146,2 min nəfər olub.
Bəs artan nədir?
1. Yaşa görə müavinət (qocalıq müavinəti) alanların sayı artır. Belə ki, 2023-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 128,3 min nəfər olub. Halbuki, 1 il bundan əvvəl, ötən ilin yanvarın 1-i vəziyyətinə onların sayı 113,6 min nəfər təşkil edirdi. Beləliklə də 1 il ərzində yaşa görə müavinət alanların sayı 14,7 min nəfər artıb. Deməli ötən 1 il ərzində 15 minə qədər əhali pensiya yaşına çatsa da onlar pensiya hüququ əldə edə bilməyiblər.
2. Minimum məbləğdə pensiya alanların sayı artır. Belə ki, minimum pensiya məbləği 240 manatdan 280 manata qaldırıldığına görə, pensiya hüququ əldə etmək üçün tələb olunan sığorta kapitalının məbləği də 1 il ərzində 34 560 manatdan 40 320 manata çatıb. Bir işçi minimum əmək haqqı (345 manatla) ilə 38,9 il işləyərsə, bu məbləği toplaya və minimum məbləğdə pensiya ala bilər. Beləliklə də minimum məbləğdə pensiya alanların sayı da son 1 il ərzində 65 min nəfərdən 100 minə çatıb.
3. Xüsusi şərtlərlə pensiya alanların sayı artır. Ötən ilin ilin sentyabr ayında onların sayı 125,4 min nəfərdən çox olub”.

DİGƏR XƏBƏRLƏR

Top