Kürün suyunu kimlər azaldır? – Rəsmi statistika


Son günlər ölkədə əsas müzakirə mövzularından biri Azərbaycanın əsas təbii su mənbəyi olan Kür çayının aşağı axarında suyun həcminin kəskin şəkildə azalmasıdır.
Yeniavaz.com
xəbər verir ki, Kür çayının aşağı axarında suyun azalması ilə bağlı problemlər əvvəllər də dəfələrlə müzakirə olunub.
Hətta, 3 il əvvəl – 2020-ci ildə AMEA Coğrafiya İnstitutu tərəfidən Kür çayının aşağı axınında müşahidə edilən kəskin azalma ilə bağlı araşdırma aparılıb. Araşdırmanın nəticəsində müəyyən edilib ki, Kür və Araz çayları boyunca, eyni zamanda Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiri, Kür çayının su potensialı ilə istehlakçı arasında münasibətlərin düzgün idarə edilməməsi problemin yaranmasında mühüm rol oynayıb.
Məlumat üçün bildirək ki, ümumi uzunluğu 1 515 km olan Kür çayının yarıdan çoxu – 906 km-i Azərbaycan ərazisindən axır. Kür çayını qidalandıran əsas mənbələr arasında Araz çayı başda olmaqla bir-sıra çaylar (Qanıxçay. Şəmkirçay. Tərtərçay, Xaçınçay və s.) mühüm rol oynayır. Bu çayların bir çoxu da Azərbaycan ərazisindən axır.
Hazırda həmin çaylar, o cümlədən Kür çayının yatağında böyük qum-çınqıl karxanaları fəaliyyət göstərir. Kür çayının aşağı axınında  suyun səviyyəsinin azalmasına paralel olaraq qum-çınqıl istehsalı da sürətlə artır.
Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, 2018-ci ildə Azərbaycanda 972,9 min ton qum istehsal olunduğu halda cəmi 3 il sonra – 2021-ci ildə qum istehsalı təxminən 2 dəfə artaraq 1 milyon 822,3 min tona çatıb.
Çınqıl, qırmadaş, xırda çay daşı və çaxmaq daşı istehsalı da bu 3 il ərzində 2 dəfədən çox artaraq 1 milyon 476,5 min tondan 3 milyon 566,9 min tona yüksəlib.
Onu da bildirək ki, ölkədə qum-çınqıla olan tələbatın artmasını 2021-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə keçirilən “Qum-çınqıl hasilatı üzrə mövcud çətinliklər, biznes imkanları və perspektivlər” mövzusunda forumda KOBİA-nın sədri Orxan Məmmədov işğaldan azad olunmuş ərazilərdə tikinti sektorundakı canlanma ilə əlaqələndirib.

Məlumdur ki, qum-çınqıl istehsalı zamanı çay yatağının dəyişməsi baş verir və nəticədə suyun miqdarında azalma olur. Çay yatağının dəyişməsi təkcə suyun miqdarını azaltmır, eyni zamanda ətraf ərazilərdə qrunt sularının həcmini artıraraq kənd təsərrüfatına böyük ziyan vurur.
Azərbaycanda su ilə bağlı diqqət çəkən məqmlardan biri də odur ki, istifadə olunan suyun böyük bir hissəsi itkiyə gedir və bunun qarşısını almaq üçün ciddi tədbirlər görülmür.
Açıqanan rəsmi statistikaya görə, son 30 ildə su itkisinin həcmində ciddi azalma qeydə alınmayıb. Azərbaycan müstəqillik əldə etdiyi 1991-ci ildə istifadə olunan ümumi suyun 27%-i (4 milyard 447 milyon kub metr) nəql zamanı itkiyə gedibsə, 2021-ci ildə bu göstərici 23% (3 milyard 217 milyon kub metr) olub. İtkiyə gedən suyun miqdarı Azərbaycan əhalisinin istifadə etdiyi suyun miqadrından 10 dəfə çoxdur. Ölkə əhalisi il ərzində məişət-içməli su kimi 321 milyon kub metr sudan istifadə edib.
Onu da qeyd edək ki, müstəqillik əldə etdiyimiz 1991-ci ildə Azərbaycanda il ərzində istifadə edilən suyun həcmi 16 milyard 474 milyon kub metr olub. 1991-ci ildən ötən 30 il ərzində istifadə olunan suyun həcmi 2 milyard 731 milyon kub metr və ya 16,7% azalıb.
Əhali sayının artması səbəbindən adambaşına düşən suyun həcmi daha kəskin azalıb. Əgər 1991-ci ildə adambaşına 2 min 293 kub metr su düşübsə, 30 ildən sonra bu göstərici 40% və ya 921 kub metr azalıb.
İstifadə olunan su əsasən suvarma və kənd təsərrüfatının təchizatına yönəldilir. 1991-ci ildə istifadə olunan ümumi suyun 49,7%-i və ya 8 milyard 191 milyon kub metri kənd təsərrüfatına yönəldilib. 30 ildən sonra kənd təsərrüfatına yönəldilən suyun həcmi istifadə olunan ümumi suyun 55,1%-nə (7 milyard 575 milyon kub metr) bərabər olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top